SƏNAYE

08 İyun

SOCAR insan kapitalının inkişafı üçün hansı işlər görür?

Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi çərçivəsində işlər görülməkdədir. İstər Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramları, istərsə də müasir təhsil ocaqlarının yaradılması, ali təhsil səviyyəsinin beynəlxalq səviyyəyə yüksəldilməsi, insan kapitalının inkişafı istiqamətində görülən işlərdəndir.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də istedadlı gənc mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesində müasir elmi və təcrübi biliklərə yiyələnməsi üçün bir sıra layihələr həyata keçirir. Bu mənada Daxili və Xarici Təqaüd Proqramlarını, Ödənişli Yay Təcrübə Proqramını qeyd etmək olar.

Şirkət ölkədəki ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün 2004-2005-ci tədris ilindən etibarən Daxili Təqaüd Proqramı layihəsini həyata keçirir. İki il ardıcıl təqaüdçü seçilmiş tələbələr Ödənişli Təcrübə Proqramında uğurla iştirak etdikdə müsabiqədənkənar işəqəbul imkanı əldə edir. İşə qəbul olunmuş təqaüdçülərə isə “Gənc mütəxəssis” statusu qazanaraq güzəştli şərtlərlə mənzil almaq imkanı yaradılır. İndiyə qədər bu proqramın iştirakçılarından 193 nəfəri müsabiqədənkənar işlə təmin olunub.

SOCAR insan kapitalının inkişafı üçün hansı işlər görür?

Xarici ölkələrdə təhsil almaq istəyən gənclər üçün təşkil olunan Xarici Təqaüd Proqramı şirkətin bu istiqamətdəki digər layihəsidir. 2008-ci ildən bu proqram vasitəsilə 310 nəfərin xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsilləri maliyyələşdirilib, bütün xərclər şirkət tərəfindən qarşılanıb. SOCAR məzun olan təqaüdçüləri ixtisasları üzrə işlə təmin edir. Hazırda bu proqram üzrə 19 nəfər təhsilini davam etdirməkdədir, 215 nəfər isə məzun olaraq SOCAR-ın müəssisə və təşkilatlarında çalışırlar.

SOCAR 2010-cu ildən isə tələbələrin neft-qaz sənayesi üzrə təcrübi biliklərinin artırılması üçün “Ödənişli Yay Təcrübəsi” Proqramını və Ödənişsiz İstehsalat Təcrübəsini həyata keçirir.

Gənclərin ödənişli istehsalat təcrübəsi SOCAR-ın tərkibində olan müəssisə və təşkilatlarda tələb olunan ixtisaslara uyğun olaraq 2 ay təcrübə müddəti olmaqla təşkil edilir.

2011-ci ildə yaradılmış Bakı Ali Neft Məktəbi (BANM) də neft kapitalının insan kapitalına çevrilməsi strategiyasının tərkib hissəsidir. Bu ali məktəb neft-qaz və kimya sənayesi üçün yüksəkixtisaslı mütəxəssislər hazırlayır.

SOCAR insan kapitalının inkişafı üçün hansı işlər görür?

SOCAR-ın təhsil istiqamətindəki layihələrini dəyərləndirən Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, SOCAR ölkədə insan kapitalının inkişafına həmişə töhfə verməyə çalışıb və görülən işlər göz önündədir.

“Bütün ölkələrin qarşıya qoyduğu strateji məqsədlərdən biri insan kapitalının inkişafıdır. İnsan kapitalının inkişafı isə birbaşa təhsil vasitəsilə formalaşır. Bu mənada təhsilə yatırılan investisiyalar və Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin qabaqcıl universitetlərində təhsil almalarına şərait yaradılması olduqca böyükəhəmiyyət kəsb edir. Hesab edirəm ki, SOCAR bu işin öhdəsindən layiqincə gəlir”, - deputat əlavə edib.

O qeyd edib ki, SOCAR-ın təhsil istiqamətində atdığı addımlar təqdirəlayiqdir.

Ekspert magistratura təhsili üzrə də maliyyələşdirilmənin Azərbaycan elmi potensialının inkişafına xidmət göstərən istiqamət olduğunu, SOCAR-ın da bu istiqamətdə dəstək verdiyini vurğulayıb. O, təhsilin dəstəklənməsinin davamlı olmasının vacibliyini də qeyd edib: “Bizim yaşadığımız cəmiyyətdə biliklər sürətlə dəyişir. Yeni ixtisaslar meydana çıxır. Biz də dünya ilə ayaqlaşmalıyıq. Dünya ilə ayaqlaşmağın yeganə yolu insan kapitalının rəqabətidir. Hesab edirəm ki, gələcəkdə də bu iş davam etməlidir. Neft gəlirlərinin insan kapitalına sərf olunması, qeyri-neft sektorunun inkişafı ölkə üçün prioritet məsələdir. Dövlət başçısı İlham Əliyev dəfələlə vurğulayıb ki, biz qara qızılımızı insan kapitalına çevirməliyik. Bu, böyük bir istiqamətdir. Bu yolda da SOCAR istər maliyyə, istərsə də mənəvi baxımdan gənclərin təhsilinin dəstəklənməsində öz sözünü deyir”.