SƏNAYE

05 May

Rövnəq Abdullayev Ümid-1 platformasında olub,quyunun qazılmasına start verib.

 SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Ümid” yatağındakı Ümid-1 platformasında olub

Fins.az xəbər verir ki, bu barədə SOCAR məlumata yayımlayıb .

O , burada həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərinə baxış keçirərək yeni quyunun qazılmasına start verib. Şirkət rəhbərinə istehsalat ərazisində həyata keçirilən təmir işləri barədə məlumat verilmiş, qeyd edilmişdir ki, “Ümid'' yatağından hasilatın tezləşdirilməsi üçün Ümid -1 platformasından əlavə 2 quyu qazılacaq.Yeni quyuların qazılması ilə əlaqədar platformada yenidənqurma işləri aparılıb, istehsal gücü artırılıb, qaz hasilatının gündəlik 2,4 milyon kubmetrdən 6,6 milyon kubmetrə qədər çatdırılması planlaşdırılıb. Platformada təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə avtomatlaşdırılmış yanğınsöndürmə, rəqəmsal nəzarət-idarəetmə, video müşahidə sistemləri quraşdırılaraq, istifadəyə verilmişdir.

Qeyd olunur ki, SOCAR prezidentinin iştirakı ilə Ümid-1 platformasında yeni hasilat quyusunun qazılmasına start verilib. Quyunun layihə dərinliyi 6270 metr, hasilatı isə gündəlik 1,5-2 milyon kubmetr qaz həcmində planlaşdırılır. Quyu istismara verildikdən sonra “Ümid” yatağından qaz hasilatının gündəlik 3-3.5 milyon kubmetrdən 4,5-5 milyon kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunın layihələndirilmə işləri SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnistutu tərəfindən aparılmış, Böyük Britaniyanın məşhur Norwell mühəndislik şirkəti ilə razılaşdırılmışdır. Quyunun qazmasına hazırlıq işləri 2019-cu ilin may ayında başlanılmışdır. İlk dəfə olaraq burada bütün qazma prosesi “Umid Babek Operation Company” (UBOC) Əməliyyat Şirkəti tərəfindən idarə ediləcəkdir.

Qeyd edək ki, 2010-cu ildə, Azərbaycanın müstəqilliyi dövründə daxili resurslar hesabına kəşf edilmiş ilk yataq olan “Ümid” Xəzər dənizində, Bakıdan cənub istiqamətində 40 kilometr məsafədə yerləşir. İstismarına 2012-ci ildə başlanılmış qaz-kondensat yatağından indiyədək ümumilikdə 3,4 milyard kubmetr qaz və 540 min ton kondensat çıxarılmışdır. Hazırda yataqda bir platformadan 3 quyu istismar edilir.

Müəllif:Aynur Qəniyeva