SƏNAYE

02 May

“AzerGold” bu qızıl yatağında hidroloji monitorinqin aparılmasına təxminən 1 mln manat yönəldəcək

«AzerGold» QSC “Iqlim-LTD” MMC-ni Balakən rayonunda yerləşən “Filizçay” yatağında hidroloji monitorinq işlərinin aparılmasına cəlb edib.

www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Iqlim-LTD” "AzerGold”un keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkətlə 972,674 min manat dəyərində müqavilə bağlanıb.

“AzerGold” QSC 2025-ci ildə "Filizçay" polimetal yatağının fəal şəkildə işlənilməsinə başlamağı planlaşdırır. Yatağın 1-ci fazası üçün ilkin hesablanmış sink, qızıl, gümüş, mis və qurğuşundan ibarət filiz ehtiyatları 60 milyon tona yaxın proqnozlaşdırılır. Planlaşdırılan tədqiqat işləri nəticəsində yatağın ümumi filiz ehtiyatlarının 120 milyon tona kimi artırılması da gözlənilir. Yataqda hasilat işlərinə başlamazdan öncə potensial resursların təyin edilməsi, resurların hesablanması və təsdiqi, texniki-iqtisadi əsaslandırma və tikinti işləri həyata keçirilməlidir.

“Filizçay” yatağı ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilir və dünya polimetal yataqlarının ilk onluğuna daxildir. Yataq Azərbaycanda yaradılması planlaşdırılan dağ-mədən sənayesi kompleksi üçün 50 il ərzində xammal bazası kimi çıxış edə bilər.

"AzerGold"un qiymətləndirmələrinə görə, yatağın işlənməsindən Azərbaycanın gəlirləri 10 milyard manata qədər təşkil edəcək.

“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.