SƏNAYE

01 May

\"Yanvar-aprel aylarında Ceyhan terminalından BTC ilə nəql edilmiş 80,5 milyon bareldən çox neft göndərilib\"

2020-ci ilin yanvar-aprel aylarında Ceyhan terminalından Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə nəql edilmiş 80 milyon 553,911 min barel neft göndərilib. Bu barədə “BOTAS International Limited Company”dən (BIL – BTC-nin Türkiyə hissəsinin operatoru) məlumat verilib.

“2020-ci ilin əvvəlindən və mayın 1-nə olan vəziyyətə görə, Ceyhan terminalından BTC ilə nəql edilmiş 80 milyon 553,911 min barel neft göndərilib. BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən etibarən bütün dövr ərzində Ceyhan terminalından dünya bazarlarına 3 milyard 440 milyon 802,134 min barel neft göndərilib”, - deyə məlumatda bildirilir.

Cari ilin yanvar-aprel aylarında Ceyhan terminalından BTC ilə nəql olunmuş 103 neft tankeri yola salınıb.

Terminalın istismara verildiyi dövrdən etibarən 4,484 min tanker yola salınıb.

Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); ExxonMobil (2,5%); INPEX (2,5%), Total (5%) və ONGC (2,36%) şirkətləridir.