SƏNAYE

30 Aprel

SOCAR Belarusda azot gübrələri istehsalı üzrə kompleksin tikinti layihəsində iştiraka dair danışıqlar aparır

SOCAR şirkəti Belarusda “Qrodno Azot” ASC-nin azot gübrələri istehsalı üzrə yeni kompleksin tikinti layihəsində iştirakda maraqlıdır. Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

“SOCAR üçün Belarusda maraq kəsb edən bir neçə layihə var. Biz Qrodno Azot” ASC-nin azot gübrələri istehsalı üzrə yeni kompleksin tikinti layihəsində iştirak etməyə hazırıq. O cümlədən, “Naftan” ASC-nin modernləşdirilməsi layihəsində iştrakımızı nəzərdən keçiririk. Burada boru kəmərləri, elektrik xəttlərinin çəkilməsində təcrübəmiz lazım ola bilər. Qeyd olunan layihələrdə artıqmaraqlı olduğumuzu bildrmişik və danışıqlar aparırıq”, - Əhmədov “Vestnik Belneftexima” jurnalına müsahibəsində bildirib.

O, həmçinin məlumat verib ki, SOCAR Mozırsk NEZ-in modernləşdirilməsi işlərinə cəlb olunub.

“Hazırda Mozırsk NEZ-də 200-ə yaxın əməkdaşımız çalışır. İşlər qrafikə uyğun, hətta bir qədər – 10% səviyyəsində sürətlə aparılır. Layihənin 2020-ci ilin sentyabr ayında başa çatacağı planlaşdırılır”, - Əhmədov məlumat verib.

Onun sözlərinə görə, Mozırsk NEZ-də yerinə yetirilən sifarişdən başqa SOCAR həmçinin zavodun modernizasiyasının əlavə mərhələsində iştirakda maraqlıdır.

O vurğulayıb ki, ümumilikdə Azərbaycan və Belarusun neft emalı və neft-kimya sahələrində təcrübəsi qarşılıqlı səmərəli əməkdaşlığın inkişafı üçün əsas yaradır.

“Neft-kimya sahəsində qarşılıqlı əlaqələrdən xüsusi nəticə gözləyirik. Burada daimi inkişaf var, texnologiyalar dəyişir, rəqabət artır. SOCAR uzunmüddətli perpesktivdə Belarus ilə qarşılıqlı əlaqələrin davamlı olacağına inanır. İkitərəfli münasibətlərimizdə hər zaman dinamika var, bu hər iki tərəf üçün faydalıdır. Həm əvvəlki, həm hazırki uğurlu birgə layihələri gələcəkdə inkişaf etdirməyə və artırmağa hazırıq”, - Əhmədov bildirib.

O məlumat verib ki, SOCAR üçün birinci növbədə duran vəzifə Azərbaycanda Heydər Əliyev adına NEZ və “Azərikimya” neft-kimya kompleksinin modernləşdirilməsi layihələridir. O cümlədən, Bakı yaxınlığında yerləşən qaz emalı kompleksinin tikinti layihəsi işlənilmə mərhələsindədir.

“Bu işlər bitdikdən sonra digər investisiya layihələri nəzərdən keçiriləcək. Birinci növbədə duran vəzifələr reallaşdırıldıqdan sonra, təklif gələcəyi halda Belarusda SOCAR YDM şəbəkəsinin inkişafı məsələsinə mütləq baxacağıq”, - Əhmədov bəyan edib.

(c)İnterfaks Azərbaycan