SƏNAYE

30 Aprel

OPEC+ çərçivəsində AÇG-dən hasilatın azaldılma həcmi açıqlanıb

Azərbaycanın hasilatının azaldılması ilə bağlı OPEC+ formatı çərçivəsində üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi üçün Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarının gündəlik hasilatının may və iyun aylarında 76 min barel azaldılması nəzərdə tutulur.

Bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilib.

Məlumata görə, sonrakı dövrdə yataqların əməliyyatçısı olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) hasilatı gündəlik 27 min barel, gələn ildən etibarən isə, əlavə olaraq, gündəlik 26 min barel artıra biləcək.

Beləliklə, 2021-ci ildə ABƏŞ üzrə hasilatın səviyyəsi gündəlik 487 min barel səviyyəsində proqnozlaşdırılır.

Qeyd edək ki, OPEC+ sazişi çərçivəsində Azərbaycan may və iyun aylarında gündəlik hasilatı 164 min barel azaltmaq öhdəliyi götürüb.