SƏNAYE

07 Aprel

İsmayıllıda da tibbi maska istehsalı işə düşdü GÜNDƏ 15 MİN ƏDƏD...

İsmayıllı rayonunda yeni növ koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bir gündə 15 min tibbi maska tikilir. 

Rayon İcra Hakimiyyətindən bildirildiyinə görə istehsal 2013-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə açılışı baş tutmuş İsmayıllı Tikiş Fabrikində təşkil edilib.

Belə ki, İşlər aprelin 4-də rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlayıb və müəssisə gücləndirilmiş iş rejimində hər gün 10 saat işləyir. Tikiş prosesinə 50-ə yaxın şəxs cəlb olunub və gündəlik iş rejimi 2 növbədən ibarətdir.

Parçaların tərkibi 100 faiz pambıqdan ibarətdir və sterilizəyə davamlı olduğuna görə tibdə istifadəyə tam yararlıdır. Maskalar sterilizə olunduqdan sonra rayonun apteklərinə paylanılır. Həmçinin, yaşıllaşdırma, təmizlik, kommunal xidmət sahələrində çalışan və aztəminatlı təbəqənin digər üzvlərinə pulsuz verilir.

Xatırladaq ki, prezident İlham Əliyev ötən gün Sumqayıt Sənaye Parkının ərazisində tibbi maskaların istehsalını həyata keçirən müəssisənin açılışını edib. Bu müəssisə “Bakı Trikotaj” MMC tərəfindən qısa müddət ərzində, xaricdən avadanlıqların və xammalın cəlb edilməsi ilə təşkil olunub. Orada ölkənin gündəlik tələbatının 40 faizinə qədər tibbi maskanın istehsalı prosesi başlayıb. Bununla da Azərbaycanda tibbi maskalara olan tələbatı xeyli dərəcədə yerli istehsal hesabına təmin etmək mümkün olacaq.

(c)Virtualaz