SƏNAYE

07 Aprel

Nazim Talıbov: Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən layihələrə 2,8 mld dollar yatırılıb

Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən parkın ərazisində həyata keçirilən layihələrə $2,8 milyard vəsait yatırılıb. Bu barədə “SKSP” MMC-nin direktoru Nazim Talıbov məlumat verib.

“Hazırda SKSP-nin rezidenti olan 22 şirkət tərəfindən layihələrə $3,1 milyard yatırılmalıdır. Bu günədək faktiki olaraq $2,8 milyard vəsait qoyulub”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.

Direktorun sözlərinə görə, hazırda parkın ərazisində 14 müəssisə fəaliyyət göstərir. «2020-ci ilin sonunadək daha 2 müəssisə (“Azərxalça” və “Archi Glass” – İF) işə salınacaq və fəaliyyət göstərən müəssisələrin ümumi sayı 16-ya çatacaq», - deyə N.Talıbov əlavə edib.

Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb