Azərbaycan Energetika Nazirliyi Əməkdaşlıq Xartiyası çərçivəsində OPEC+ məsləhətləşmələrinin müsbət məcrada aparılacağına ümid edir. Bunu açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
“OPEC+ ölkələri məsləhətləşmələrin Əməkdaşlıq Xartiyası çərçivəsində davam etdirilməsi barədə razılığa gəlib. Ümid edirik ki, bu məsləhətləşmələr müsbət məcrada davam etdiriləcək", - deyə o bildirib.
Müşavirin sözlərinə görə, indiyə qədər OPEC+ formatı çərçivəsində qəbul edilən bütün qərarlar neft bazarı üçün müsbət "mesaj" rolunu oynayıb.
"Dünən razılığın əldə olunmaması (sazişin müddətinin uzadılması ilə bağlı - İF) bazara da təsir edib və bu dəfə neftin qiyməti 7%-dən çox ucuzlaşıb. Ancaq neftin qiymətinin aşağı düşməsi ilə yanaşı, bazarda qeyri-sabitliyin olması da arzuolunmazdır”, - deyə Z.Əliyeva qeyd edib.
O hesab edir ki, bu məsələdə ilk növbədə, OPEC+ sazişinin əsas tərəfdaşları olan Səudiyyə Ərəbistanı ilə Rusiya arasında razılıq əldə edilməlidir.
Xəbər verildiyi kimi, OPEC+ ölkələrinin nazirlərinin martın 6-da keçirilən iclasının yekunları üzrə gələcək sövdələşmənin parametrləri ilə bağlı razılığa gəlinməyib. Bir gün əvvəl isə OPEC iclasdan sonra gündəlik neft hasilatının yalnız ikinci rüb üçün 1,5 milyon barrel azaldılmasını və mövcud sazişin (hasilatın 1,7 milyon barrel azaldılması ilə bağlı) müddətinin uzadılmasını tövsiyə edib. Bundan başqa, Səudiyyə Ərəbistanı neft hasilatının birgə azaldılmasını ehtiva edən OPEC+ sazişi üzrə əsas tərəfdaşı olan Rusiya ilə konsensusa nail olmayaraq OPEC ölkələri ilə neft hasilatının bütün 2020-ci il üçün daha 1,5 milyon barrel azaldılmasını razılaşdıraraq dərəcələri iki dəfə artırıb.
OPEC-in növbəti iclası iyunda keçiriləcək
(C) İnterfax Azərbaycan