SƏNAYE

03 Mart

“Azəriqaz”: Prezidentin sərəncamı 1700-dən çox abonenti əhatə edəcək

Dünən, martın 2-də Gəncə şəhərinin, həmçinin Göygöl, Daşkəsən və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalanıb. Sərəncam əsasında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) 9 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Prezidentin bununla bağlı sərəncamını şərh edən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov bildirib ki, ümumilikdə bu il Azərbaycanda qazlaşdırma işlərinin həyata keçirilməsi üçün SOCAR-a dövlət büdcəsindən 130 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

O xatırladıb ki, bu barədə Prezident "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı növbəti mərhələyə həsr olunan konfransda çıxışı zamanı diqqətə çatdırıb: “Əlbəttə ki, Prezidentin SOCAR və “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu bir çox hədəflər və tapşırıqlar var. Bu hədəflərə nail olmaq üçün biz də səylə çalışırıq. Məsələn, ötən il üçün ilin sonuna göstərdiyimiz səy, çalışmağımız və səfərbər etdiyimiz işçi qüvvəsinin hesabına nəhayət biz qazlaşdırma səviyyəsini 96 faizə çatdırmağa nail olmuşuq”.

Bununla belə, o qeyd edib ki, bu ilin proqramı da çox zəngindir və 51 şəhər və rayon üzrə xeyli əraziləri əhatə edəcək.

C. Səfərov bildirib ki, sərəncam əsasında Gəncə, Daşkəsən, Göygöl, Samux şəhər və rayonlarında icra olunacaq işlərin çox yaxın vaxtlarda həyata keçirilməsinə başlanılacaq və sərəncam əsasında bu qazlaşma işləri il ərzində yerinə yetiriləcək: “Ümumilikdə, 4 şəhər və rayon üzrə 1700-dən çox abonentin qazla təmin olunması nəzərdə tutulur. Artıq bu işlərin həyata keçirilməsi üçün sərəncamda 9 milyon manatın ayrılması öz əksini tapıb”.

“Azəriqaz” rəsmisi vurğulayıb ki, sərəncam Gəncədə 980 abonenti əhatə edəcək: “Daşkəsəndə 200-dən çox, Göygöldə 400-ə, Samuxda isə 150-yə yaxın abonentin qazlaşdırılması işləri həyata keçiriləcək ki, bu da “Azəriqaz”ın abonent sayının artmasında mühüm rol oynayacaq. Bu kəndlərin çoxu uzun müddət qazlaşdırılmayan kəndlər idi. Daşkəsəndə Aşağı Daşkəsən, Kəmərqaya kəndləri, Göygöldə Toğanalı kəndi uzun müddət qazlaşdırılmayan kəndlər idi”.

C. Səfərov bildirib ki, Samux rayonunda isə Sərkar kəndində artıq yeni massiv yaranıb ki, bu yeni massiv də qazlaşdırılacaq: “Gəncə şəhərində də icra olunacaq qazlaşdırma işləri  yeni iki yaşayış massivini əhatə edir. Çünki Gəncədə qazlaşma proqramlarının icrası mərhələləri yüksək səviyyədə özünü göstərir. Bu şəhər ölkənin ikinci şəhəridir və burada yaşayış massivləri artır. Bu səbəbdən bu massivlərin, şəhərətrafı genişlənmiş ərazilərin qazlaşdırılmasına ehtiyac yaranır. Bu massivlərdə böyük sayda əhali yaşayır. Abonent hesabı ilə götürsək, Gəncədəki qazlaşma proqramı icra edildikdən sonra daha 980 abonenti əhatə edəcək ki, bu da kiçik rəqəm deyil”.