"Biz, həmçinin sərvətlərin ədalətli bölgüsü üzərində fəal işləyirdik. Çünki neft hasil edən bir sıra ölkələrdə varlı və yoxsullar arasındakı fərq çox yüksəkdir. Ona görə də bizim əsas məqsədimiz dediyimiz kimi, nefti - “qara qızıl”ı insan kapitalına çevirmək olub".
Fins.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında deyib.
Dövlət başçısının sözlərinə görə, son 16 ildə Azərbaycanda yoxsulluq səviyyəsinin təxminən 50 faizdən 4,8 faizə düşməsi faktı onu göstərir ki, iqtisadi inkişaf və neft-qaz layihələri insanlara daha yaxşı həyat sürməyə kömək edib:
"Bu müddət ərzində bizim iqtisadiyyatımız 3,4 dəfə artıb. Bu, dünya rekordudur. Son 16 ildə xarici ticarətimiz 6,4 dəfə artıb. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulun yalnız 17 faizini təşkil edir. Sərbəst konvertasiya olunan valyuta ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Başqa sözlə, biz xarici borcu istədiyimiz vaxt bağlaya bilərik.
Beləliklə, bunlar əsas iqtisadi məlumatlardır. Sonda onu əlavə etmək istərdim ki, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir. Bu ilin yanvarında Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında Bakıda “Davos Dördüncü Sənaye İnqilabı Mərkəzinin yaradılması haqqında niyyət protokolu” imzalandı. Bu, Qafqaz və Mərkəzi Asiyanı əhatə edəcək regional mərkəzdir. Azərbaycan ona görə seçildi ki, çünki bizim sənayemiz, qeyri-neft sənayemiz sürətlə inkişaf edir. Təkcə ötən il qeyri-neft sənayesində inkişaf təxminən 14-15 faiz idi. Bu il ümid edirik ki, artım daha çox və ya eyni səviyyədə olacaq.
Əlbəttə, neft və qaz layihələrindən danışarkən biz həmişə enerji təhlükəsizliyindən danışırıq. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Enerji resurslarının şaxələndirilməsi ən vacib məsələlərdən biridir. Burada, əlbəttə, mənbələrin şaxələndirilməsi ən vacib məsələdir. Bizim nümunəmizdə isə mənbələrin və marşrutların şaxələndirilməsindən söhbət gedir. Həmçinin düşünürəm ki, bizim uğurumuzun əsas səbəblərdən biri maraqların balansıdır - hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı balans. Əminəm ki, aramızdakı bu müsbət əməkdaşlıq formatı davam edəcək. Məşvərət Şurasına uğurlar arzu edirəm".