Azərbaycanda yeraltı qaz anbarlarından qaz götürmə mövsümü çərçivəsində indiyədək anbarlardan 1,34 mlrd. kubmetrdən çox qaz çıxarılıb.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
Qeyd edək ki, Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur. “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumu 3,5 mlrd. kubmetr təşkil edir. Anbarların hər ikisi də SOCAR-ın tabeliyindədir.
İ.Əhmədovun sözlərinə görə, hazırda anbarlarda olan qalıq qazın həcmi 1,6 mlrd. kubmetrə yaxındır.
Şirkətin nümayəndəsi onu da bildirib ki, hər ilin noyabr-may aylarında anbarlara qazın vurulması üzrə hazırlıq işləri aparılır, kompressorların və avadanlığın təmiri və sazlanması və anbarlarda mövcud olan quyular üzərində texniki işlər aparılır.
“Anbarların saxlama imkanlarının genişləndirilməsi respublikada qaz hasilatının artması nəticəsində yaranan zərurətdən asılı olaraq artırılması planlaşdırılır”, - deyə İ.Əhmədov qeyd edib.
Bildirək ki, son illərdə Azərbaycanda “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsinin hesabına qaz hasilatı kəskin artıb. Belə ki, Qeyd edək ki, ötən il ölkədə 35,6 mlrd. kubmetr təbii qaz istehsal edilib. Hasil edilən təbii qazın 24,53 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb. 2018-ci ilin göstəricisi ilə müqayisədə ölkədə qaz hasilatı 16,3%, əmtəəlik qaz hasilatı isə 27,7% artıb.
Qeyd edək ki, Azərbaycanda yeraltı qaz anbarlarına vurulan qazın həcmi 2019-cu ildə tarixi rekord səviyyəyə – 3,036 mlrd. kubmetrə çatdırılıb ki, bunun da 2,266 mlrd. kubmetri 2019-cu ilin aprel-oktyabr aylarında vurulub.
Xatırladaq ki, SOCAR 2021-ci ilin sonunadək “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunu 5 mlrd. kubmetrə çatdırılmasını planlaşdırır.