2019-cu il dekabrın 31-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində qızılın ümumi həcmi 11,4% (101,2 ton və ya 4,93 mlrd. ABŞ dolları) təşkil edib.
Bunu ARDNF-in icraçı direktoru İsrafil Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, alınan qızılın 1,77 tonu (81 mln. ABŞ dolları) “AzerGold” QSC tərəfindən hasil edilən qızılın payına düşür. İcraçı direktor qızıl alışlarının bazar qiymətlərinə uyğun olaraq həyata keçirildiyini deyib.
“Qızılın investisiya portfelinə daxil edilməsi portfelin şaxələndirilməsi və inflyasiyaya qarşı hedcinq siyasəti ilə bağlı olmaqla, ilk növbədə, strateji xarakter daşıyır. Son zamanlarda qlobal və regional miqyasda geosiyasi gərginliyin, eləcə də maliyyə bazarlarında qeyri-müəyyənliyin artması fonunda, bu tipli strateji investisiyaların əhəmiyyəti artmaqdadır. Həmçinin qeyd etmək istərdim ki, investisiya portfelinin həcmi və qiymət amilləri nəzərə alınaraq qızıl Neft Fondunun investisiya portfelində nəzərdə tutulan hədəf payına (yuxarı uzaqlaşma intervalı maksimum 3 faiz olmaqla, investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri) müvafiq olaraq artırıla bilər”, - İ.Məmmədov əlavə edib.
Qeyd edək ki, 2019-cu il yanvarın 1-nə Fondun investisiya portfelində qızılın payı 5,4% olub. ARDNF qızıla investisiyaya 2012-ci ilin fevral ayından başlayıb. Həmin tarixdən 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışı həyata keçirilib. 30,18 ton qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib. Qızıla investisiyaları dayandıran ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb. Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir.