SƏNAYE

27 Yanvar

Azərbaycana məxsus bir neçə yatağın neft hasilatına dair proqnoz AÇIQLANIB

Cari ildə Azərbaycanın bəzi yataqlarından neft hasilatına dair proqnoz açıqlanıb.
Fins.az Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə Rəyinə istinadla xəbər verir ki, bu il “Qum dəniz” (“Bahar”) yatağından neft hasilatının 0,284 milyon barrel, “Balaxanı”dan 1,69 milyon barrel, “Zığ-Hövsan” blokundan 0,528 milyon barrel, “Binəqədi” yatağından 0,977 milyon barrel, “Kürovdağ” yatağından 1,05 milyon barrel, “Kürsəngi-Qarabağlı” yatağından 1,06 milyon barrel, “Suraxanı” yatağından isə 1,18 milyon barrel olacağı nəzərdə tutulur.
Qeyd edək ki, “Qum dəniz” yatağı Bakıdan cənub-şərq istiqamətdə 21 kilometr məsafədə dənizdə yerləşir. Neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilib. “Zığ” yatağı Bakının şimal-şərqində yerləşir və 1935-ci ildən sənaye işlənməsinə verilib. “Hövsan” yatağı Bakıdan 20 kilometr şərqdə, Abşeron yarımadasının cənubunda yerləşir və 1948-ci ildən sənaye işlənməsinə verilib. “Binəqədi” yatağı 1896-cı ildən istismar olunmağa başlanıb və Bakıdan 9 kilometr şimalda yerləşir. “Kürovdağ” yatağı Bakıdan 120 kilometr cənub-qərbdə yerləşir, Aşağı Kür neftli-qazlı rayonuna daxildir. Yataq 1997-ci ildən müştərək müəssisə (“ŞirvanOYL”), 2009-cu ildən isə əməliyyat şirkəti (“Şirvan Opereytinq Compani Limited”) tərəfindən istismar edilir.
“Kürovdağ” neft yatağını aşkar edən ilk mərkəzi sahənin 2 saylı kəşfiyyat quyusu 1955-ci ildə məhsuldar qatın I horizontundan 31 ton neftlə istismara daxil edilib. Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları müvafiq olaraq 1962-ci və 1960-cı illərdən istismar edilməyə başlanıb. “Suraxanı” neft yatağı isə Bakıdan 16 kilometr şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 metr yüksəklikdə yerləşir.