SƏNAYE

24 Dekabr

Azərbaycan Prezidenti: “Əminəm ki, Cənub Qaz Dəhlizi gələn il tam işə düşəcək”

“TANAP layihəsinin istismara verilməsi, əlbəttə ki, böyük hadisədir, tarixi hadisədir. Demək olar ki, Cənub Qaz Dəhlizinin əsas hissəsini təşkil edən bu layihə uğurla başa çatdırıldı və əvvəlcədən nəzərdə tutulmuş daha aşağı qiymətlə. Yəni, bu layihəyə bəri başdan daha böyük vəsait nəzərdə tutulurdu. Ancaq inşaat zamanı böyük qənaətlə bu layihə icra edildi və artıq Azərbaycan qazı Avropa İttifaqının sərhədinə gətirilib çıxarıldı. Ona görə Türkiyə-Yunanıstan sərhədində bu ilin noyabrında keçirilmiş mərasim xüsusi əhəmiyyət daşıyırdı”.

Fins.az-ın  məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində deyib.

Prezident İlham Əliyev bildirib ki, TANAP layihəsi bizim strateji aktivimizdir: “Bu layihənin icra edilməsi üçün biz böyük səylər göstərmişik. Çünki biz hamımız yaxşı xatırlayırıq ki, Azərbaycan qazını daha böyük həcmdə Avropa qitəsinə nəql etmək üçün bir neçə layihə irəli sürülmüşdü. Onlardan biri “Nabukko” idi, başqa layihələr də var idi. Bu layihələr ətrafında çoxsaylı müzakirələr aparılırdı, konfranslar təşkil edilirdi. Faktiki olaraq, biz bir neçə il vaxt itirdik. Çünki bu layihənin əsas amili yox idi: bunun pulunu kim verəcək? Ölkələr arasındakı koordinasiyanı kim aparacaq? İlkin mərhələdə Avropa İttifaqı bu missiyanı öz üzərinə götürmüşdü və ölkələr arasında koordinasiyanı aparmağa çalışırdı. Dediyim bu simpoziumlar, konfranslar, təqdimatlar bu məqsədi daşıyırdı. Ancaq biz də iştirak edirdik və şəxsən mən dəfələrlə iştirak etmişəm. Hər dəfə görürdüm ki, burada konkret məsələlərdən söhbət getmir. Yaxşı şüarlar səsləndirilir, yaxşı təqdimatlar edilir. Ancaq bunu necə edək, kim edəcək, kim öz üzərinə götürəcək, bu məsələ açıq olaraq qalırdı. Biz bu məsələyə toxunanda bizə çox mücərrəd cavablar verilirdi, başa düşə bilmirdik ki, bu, nə məsələdir. Ona görə, biz görəndə ki, bu məsələ artıq öz həllini tapmır, “Şahdəniz-2” layihəsinə sanksiya vermək üçün isə mütləq bu məsələ öz həllini tapmalı idi. Çünki əks-təqdirdə kim bu qədər vəsaiti qazma işlərinə istiqamətləndirəcək ki, əgər bunun bazarı yoxdur. Qaz bazarında sən əvvəlcədən gərək kontrakt bağlayasan, ondan sonra qazma işləri aparasan. Bu, neft deyil ki, istənilən yerə satmaq olar. Bu, bazara bağlı olan məhsuldur. Ona görə biz görəndə ki, bu məsələ yerində sayır, o vaxt təşəbbüs irəli sürdük və Türkiyə tərəfinə bunu təqdim etdik. Təklif etdik ki, bu layihənin adı TANAP olsun – Trans-Anadolu kəməri. Türkiyə tərəfindən müsbət reaksiya verildi. Beləliklə, 2012-ci ildə mən və hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda bu tarixi anlaşmanı imzaladıq. Ondan təqribən bir il sonra “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsinin işlənilməsinə sanksiya verdi. Yəni, bu, bir-biri ilə sıx bağlı olan məsələlər idi. Əgər TANAP imzalanmasaydı, “Şahdəniz-2” də havada qalacaqdı və bu gün biz bu layihəni icra edə bilməzdik”.

 

Dövlət başçısı vurğualyıb ki, məhz buna görə TANAP-ın çox böyük əhəmiyyəti var: “Çünki bu, imkan verdi ki, “Şahdəniz” qaz-kondensat yatağı tammiqyaslı işlənilsin və beləliklə, orada bir trilyon kubmetrdən çox olan təbii qaz hasil edilsin, nəql edilsin. İkinci məsələ, bu, nə üçün bizə lazımdır? Əgər TANAP imzalanmasaydı, bu gün artıq hasilata hazırlaşan “Abşeron” yatağı da qalacaqdı. Heç kim oraya vəsait qoymayacaqdı. “Abşeron” yatağından da biz ən azı 300 milyard kubmetr qaz hasilatı gözləyirik. Xarici investor da oraya əsas vəsaiti qoyur. Əgər qaz kəməri olmasaydı, kim buna vəsait qoyardı? Bizim digər yataqlardan təbii qaz çıxır, o cümlədən səmt qazı. İndi səmt qazını da biz qəbul edirik. Eyni zamanda, “Azəri-Çıraq-Günəşli” yatağında “dərin qaz” adlandırılan böyük qaz ehtiyatı var. Biz onun da istismarına yaxınlaşırıq. Ona görə TANAP burada xüsusi rol oynayıb. Bu, sadəcə olaraq, bir kəmər deyil ki, Türkiyə ərazisindən keçir. Bu, həm Türkiyəni təmin edəcək və artıq edir, Gürcüstanı, Avropanı da. Eyni zamanda, imkan verəcək ki, biz bütün qaz ehtiyatlarımızı işə salaq, xarici investorları cəlb edək, yenə də milyardlarla dollar vəsait qoyulacaq. Beləliklə, Azərbaycan gələcəkdə qazın ixracından vəsait qazanacaq. Çünki bizim neft yataqlarımız artıq bəllidir. Düzdür, indi xarici şirkətlərlə yeni layihələr işlənilir. Əminəm ki, onlar da imzalanacaq. Artıq imzalanmış layihələrdən də yaxşı nəticələr gözləyirik. Ancaq uzunmüddətli perspektivdə bizim əsas gəlir mənbəyimiz təbii qaz olacaqdır. Ona görə TANAP-ın çox böyük əhəmiyyəti var.

Eyni zamanda, TANAP Avropa qaz kəmərinin - “Trans-Adriatik”, yəni, TAP adlandırılan kəmərin inşasına da imkan yaratdı. Bu layihənin icra səviyyəsi artıq 90 faizi ötübdür.

Onu da bildirməliyəm ki, bütün bu layihələrin təşəbbüskarı Azərbaycan olub. Cənub Qaz Dəhlizinin təşəbbüskarı və əsas təşkilatçısı Azərbaycan olub. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir: “Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP və TAP. Onların hər birində Azərbaycan iştirak edir. TANAP-da 58 faiz payla biz layihənin əsas səhmdarıyıq. TAP-da bizim 20 faiz payımız var və digər layihələrdə də. Ona görə bunun çox böyük tarixi əhəmiyyəti vardır. Əminəm ki, Cənub Qaz Dəhlizi, hansı ki, biz keçən il rəsmi açılışını etdik, gələn il tam işə düşəcək”.