Rusiyanın “Xevel” şirkətlər Qrupu Azərbaycanda günəş elektrik stansiyalarının tikintisi üzrə hərraclarda iştiraka maraq göstərir. Fins.az xəbər verir ki, bu barəd yayımlanan məlumtda bildirilir ki,bu məsələ dekabrın 12-də Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 18-ci iclası çərçivəsində müzakirə olunub.
Xüsusilə, “Xevel” Azərbaycanda sənaye miqyaslı şəbəkə günəş elektrik stansiyalarının qurulmasına dair hərraclarda iştirakda maraqlıdır.
“Bundan əlavə, şirkət Azərbaycanda potensial tərəfdaşlarına öz istehsalı olan günəş modillarının ixarcını təşkil etmək və günəş energetikası sahəsində layihələrin brigə reallaşdırılmasına dair Azərbaycandan olan tərəfdaşların təkliflərini nəzərdən keçirməyə hazırdır”, - hökumətdən bildiriblər.
Eyni zamanda, Rusiyanın “NovaVind” SC Azərbaycanın bərpaolunan enerji mənbələri sektoruna maraq göstərir. Xüsusilə, bu şirkət külək enerjisi sahəsində layihələrin birgə reallaşdırılmasına dair azərbaycanlı tərəfdaşların təkliflərini nəzərdən keçirməyə hazırdır.
Xəbər verildiyi kimi, Azərbaycanda 2020-ci ilin yazında əvvəlcədən seçilmiş 8 coğrafi ərazidə bərpaolunan enerji mənbələri ilə bağlı layihələrin həyata keçirilməsi üzrə hərrac keçiriləcək. 5 sahə külək enerjisi, 3 sahə isə günəş enerjisi üçün nəzərdə tutulub.
Azərbaycanda külək elektrik enerjisinin potensialı 3 min MVt, günəş elektrik enerjisinin iqtisadi potensialı 20 min MVt gücündə qiymətləndirilir.
Bu gün Azərbaycanda elektrik enerjisinin 91,9%-i ənənəvi enerji resursundan - təbii qazdan alınır. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı isə ümumi istehsalın 8,1%-i həcmindədir. İri su elektrik stansiyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1276 MVt-dır ki, bu da ümumi gücün 17%-ni təşkil edir.
Qiymətləndirmələrə görə, bərpaolunan enerji mənbələrinin potensialı 26 min MVt ətrafındadır.
Bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-dək artırılması nəzərdə tutulur. Bərpaolunan enerji mənbələrindən istehsal ediləcək 1 milyard kVt•st elektrik enerjisi 200 milyon kubmetrdən çox qaza qənaət etməyə imkan verəcək.
“Xevel” şirkətlər Qrupu 2009-cu ildə təsis olunub və Rusiyada günəş enerjisi sahəsində inteqrasiya olunan ən iri şirkətdir.
“NovaVind” SC 2017-ci ilin sentyabr ayında təsis olunub. Şirkətin nizamnamə kapitalı 1,101 milyard rubl təşkil edir.