SƏNAYE

18 Dekabr

"SOCAR-AQŞ” MMC 20 milyon avro cəlb edib

"SOCAR-AQŞ” MMC qazma müəssisəsi ticarətin maliyyələşdirilməsi mexanizmi çərçivəsində Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) 20 milyon avro cəlb edib.

“QDTİB və “SOCAR AQŞ” MMC enerji sektorunda regional əməkdaşlığın inkişafı üzrə tərəfdaşlıq sazişi imzalayıb. QDTİB bankın üzv ölkələrindən sənaye avadanlığı və materialların idxalının maliyyələşdirilməsi üçün “SOCAR AQŞ”yə 20 milyon avro məbləğində kredit xətti təqdim edir”, - deyə məlumatda bildirilir.

Saziş Rusiya, Rumıniya, Türkiyə və Ukraynadan boru, qazma qurğuları, quyulara xidmət avadanlıqları, generator və kran avadanlıqlarının satın alınması hesabına regiona və inkişafa güclü təsir göstərəcək.

“Biz Azərbaycanda və bütün Qara dəniz regionunda enerji bazarının iri oyunçusu olan “SOCAR AQŞ”ni dəstəkləyən ilk beynəlxalq maliyyə qurumu olmağımıza şadıq. Enerji və infrastruktur regional inkişafda mühüm rol oynayır və buna görə bizim strateji prioritetimizdir. Bu əməliyyat QDTİB-nin üzv ölkələr arasında regional əməkdaşlığın inkişafı üzrə mandatını xüsusilə nəzərə çarpdırır”, – deyə bankın prezidenti Dmitriy Pankin qeyd edib.

"QDTİB ilə tərəfdaşlıq “SOCAR-AQŞ”yə biznesimizi genişləndirməyə və regionda tədarük zəncirinin ekosistemə inteqrasiyasını davam etdirməyə imkan verəcək", - deyə “SOCAR AQŞ”nin baş direktoru Ramin İsayev bildirib.

“SOCAR-AQŞ” MMC SOCAR və “Absheron Drilling Company” tərəfindən qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Hazırda “SOCAR-AQŞ” “Günəşli” yatağının dayazsulu hissəsində (7 və 11 saylı platformalardan), “Ümid” (Ümid-1 platformasından), “Bulla” (6 saylı platformadan) və “Qərbi Abşeron” yataqlarında (10 saylı platformadan) qazma işləri həyata keçirir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir.*