SƏNAYE

18 Dekabr

“Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 25,4% artıb

2019-cu ilin yanvar-noyabr aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 9 milyard 361,2 milyon kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,4% çoxdur. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Cari ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə nəql edilən qazın 38,2%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb”, - deyə məlumatda bildirilir.

Bütövlükdə, yanvar-noyabr aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 24 milyard 534,3 milyon kubmetr qaz (artım 17,3%) nəql edilib.

2018-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 8 milyard 386,9 milyon kubmetr təşkil edib.

“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir