RƏSMİ

20 Avqust

Azərbaycan startap ekosistemi güclənir

Finss.az – Startaplar Azərbaycan üçün innovasiya ekosisteminin əsas dayağıdır. Bunu Azərbaycan İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov regionlarda keçirilən innovasiya proqramının təqdimatının yekun günündə deyib.

Osmanovun sözlərinə görə, startaplar qlobal miqyasda əsasən vençur kapitalının cəlb olunduğu sahədir: “Təkcə 2024-cü ildə ABŞ-da vençur investisiyalarının ümumi həcmi 209 milyard dollar təşkil edib, bunun 190 milyard dolları məhz startaplara yönəlib”.

O qeyd edib ki, son illərdə Azərbaycanda startap ekosisteminin möhkəmləndirilməsi üçün sistemli addımlar atılır. Nəticədə 2022-2024-cü illərdə yerli startaplar müxtəlif beynəlxalq investor və təşkilatlardan 2,4 milyon avrodan çox sərmayə cəlb ediblər.

Akselerasiya və inkubasiya proqramları

  • 2025-ci ildə Sabancı ARF və Viveka ilə birgə 4+1 ClimAccelerator proqramı həyata keçirilib. Layihəyə 14 ölkədən 150-dən çox müraciət daxil olub, 56 startap B2B formatına uyğunlaşdırılıb, 10 startap isə COP29 çərçivəsində Bakıda təqdim olunub. Yerli startap AZIRRIGATION 50 000 avro qrant qazanıb.

  • Startup Wise Guys ilə birlikdə həyata keçirilən SaaS beynəlxalq akselerasiya proqramı çərçivəsində Azərbaycan startaplarının dünya bazarına çıxışı dəstəklənir.

Innostart layihəsi
Son üç ildə SUP.VC və IDIA dəstəyi ilə həyata keçirilən layihə ölkənin 20 şəhər və bir rayonunu əhatə edib. Bu müddətdə:

  • 32 informasiya tədbiri,

  • 8 hakaton,

  • 8 inkubasiya proqramı,

  • 4 regional Demo Day təşkil olunub.
    Tədbirlərdə ümumilikdə 2 000-dən çox iştirakçı yer alıb.

Nəticələr

  • Hakatonlarda iştirak edən 116 komandadan 24-ü 60 000 manatlıq mükafat fondu qazanıb.

  • 35 komanda inkubasiya proqramını, onlardan 29-u isə MVP mərhələsini tamamlayıb.

  • Bir komanda “Startap sertifikatı” əldə edib.

  • Bu gün isə 17 komanda öz layihələrini Demo Day-də təqdim edəcək.

Bundan əlavə, ToT (train of trainers) proqramı çərçivəsində 18 yeni mentor hazırlanıb, dövlət və özəl qurumlarla əməkdaşlıq genişlənib. Osmanovun sözlərinə görə, bu təşəbbüslər Azərbaycanın regionlarında davamlı innovasiya ekosisteminin formalaşmasına imkan yaradacaq.