RƏSMİ

15 Avqust

Dövlət büdcəsindən geri qaytarılan vəsait – Yanvar-İyul 2025

Finss.az - Cari ilin yanvar-iyul ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə 181 milyon 764,2 min manat vəsait geri qaytarılıb.

Geri qaytarılan vəsaitin 5 milyon 874 min manatı əcnəbilər tərəfindən ölkə ərazisində alınan istehsal və kommersiya məqsədi daşımayan mallara görə ödənilən ƏDV-nin geri ödənilməsinə aiddir. Bu məbləğ tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlər üçün qaytarılan ƏDV-ni də əhatə edir.

Fiziki şəxslərə işğaldan azad edilmiş ərazilərdə yerləşən mehmanxanalar tərəfindən göstərilən xidmətlər, pərakəndə ticarət, ictimai iaşə və tibbi xidmətlər, o cümlədən özəl tibbi praktika üzrə ödənilən ƏDV-nin 109 milyon 599,7 min manatı geri ödənilib. Qeyd olunur ki, bu məbləğə neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.

Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 18 milyon 817,8 min manatı fiziki şəxslərə qaytarılıb.

Hesabat dövründə artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsindən geri qaytarılan vəsaitin məbləği isə 47 milyon 472,7 min manat təşkil edib.

Müəllif: Fuad Mədətov

Əlavə bax: Azərbaycan Mərkəzi Bankı "Guavapay", "CİBPay" və "Baku Pay" MMC-lərə icrası məcburi göstəriş verdi