RƏSMİ

23 İyul

Dövlət büdcəsində profisit: Gəlirlər xərcləri üstələyib

Finss.az - 2025-ci ilin yanvar–iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri proqnozu üstələyərək 19 milyard 803,9 milyon manat təşkil edib.

Bu göstərici proqnozla müqayisədə 704,8 milyon manat və ya 3,7% çoxdur.

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ hesabatlara əsasən, 2025-ci ilin ilk altı ayı ərzində əldə edilən gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% və ya 961,1 milyon manat artım nümayiş etdirib. Bu göstərici, həmçinin, cari ilin dövlət büdcəsinin illik gəlirlərinin 51,6%-ni təşkil edir.

Eyni dövrdə dövlət büdcəsinin xərcləri 17 milyard 95,6 milyon manat olub. Beləliklə, büdcədə 2 milyard 708,3 milyon manatlıq profisit (artıqlıq) qeydə alınıb. Bu, dövlət maliyyəsinin dayanıqlığını göstərən mühüm göstəricilərdən biri kimi qiymətləndirilir.

Maliyyə Nazirliyi yaxın günlərdə icmal büdcə daxilolmaları və xərclərinə dair daha detallı hesabatı təqdim edəcək.