Finss.az - Azərbaycan İqtisadiyyat Nazirliyi Nazirlər Kabinetinin 11 iyul 2025-ci il tarixli sərəncamına əsasən, 2026-cı il üçün dövlət-özəl tərəfdaşlığı (DÖT) layihələrinin siyahısını təqdim edib.
Siyahıya daxil olan əsas layihələr arasında Bakı şəhərində elmi-texnoloji parkın inşası və idarə edilməsi, Lənkəran rayonunda bərk məişət tullantılarının idarə olunması, heyvan cəsədləri və bioloji tullantıların utilizasiya mərkəzlərinin tikintisi, Hövsan aerasiya qurğusunun təmiri və çirkab suların təkrar emalı üçün yeni qurğuların quraşdırılması, Kəlbəcər rayonunda turizm-rekreasiya zonalarının yaradılması və yük avtonəqliyyat parklarının (TIR parklarının) inşası yer alır.
Layihələr təhsil, ətraf mühit, qida təhlükəsizliyi, su təminatı, turizm və nəqliyyat sahələrində özəl sektorla sıx əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Məqsəd ölkənin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq sosial və iqtisadi infrastrukturun təkmilləşdirilməsi, ətraf mühitin qorunması və turizm potensialının artırılmasıdır.
Bu təşəbbüslər investisiyaların cəlb edilməsi, innovativ texnologiyaların tətbiqi və ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.