Finss.az - Azərbaycan hökumətinin əsas məqsədi ölkəni yaşıl enerji ixracatçısına çevirməkdir.
Bu barədə maliyyə naziri Sahil Babayev “Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə Dünya Bankı ilə kredit müqaviləsinin imzalanması mərasimində danışıb.
Nazir Dünya Bankı Qrupunun Azərbaycanda həyata keçirilən inkişaf proqramlarına verdiyi davamlı dəstəyi yüksək qiymətləndirib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə imzalanan kredit müqaviləsi ölkənin enerji sektorunda dayanıqlı və yaşıl enerji mənbələrinə keçidin sürətləndirilməsində, enerji təhlükəsizliyinin təmin olunmasında və iqlim dəyişiklikləri ilə mübarizədə mühüm rol oynayacaq.
Sahil Babayev Azərbaycanın zəngin bərpa olunan enerji ehtiyatlarına, xüsusilə günəş, külək və hidroenerji sahələrində yüksək texniki potensiala malik olduğunu qeyd edib. Hökumətin əsas məqsədi ölkəni yalnız enerji istehsalçısı deyil, həm də yaşıl enerji ixracatçısına çevirməkdir.
Nazir əlavə edib ki, COP29 sədrliyi çərçivəsində Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalaraq, enerji balansında bərpa olunan mənbələrin payının artırılması, ötürmə infrastrukturunun genişləndirilməsi, enerji saxlama sistemlərinin tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərində fəal investisiyalar həyata keçirir.