RƏSMİ

25 İyun

Milli Məclisin növbəti iclası

Finss.az - İyunun 24-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.

Gündəlikdə yer alan 12 məsələ müzakirə edilib.

İlk 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olub. Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “İstilik təchizatı haqqında”, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında dəyişiklik edilməsi, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri haqqında məlumat veriblər. Müzakirələrdən sonra hər 4 qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Növbəti məsələ “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə”nin təsdiq edilməsi barədə qanun layihəsi olub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bu məsələ barədə məlumatı təqdim edib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonrakı 7 məsələ isə birinci oxunuşda qanun layihələri olub. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini diqqətə çatdırıb. Bildirilib ki, qanun layihəsi gömrük borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədini daşıyır. Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair məlumat verib.

Aqrar siyasət komitəsini sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Komitə sədri bildirib ki, layihədə nəzərdə tutulan dəyişikliklər qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsinə dair qüvvədə olan mövcud tələblərin daha da təkmilləşdirilməsi və şəffaflaşdırılması məqsədi daşıyır.

Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini deputat Kamal Cəfərov təqdim edib. O bildirib ki, qanun layihəsinin əsas məqsədi milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaq, hüquqi boşluqları aradan qaldırmaq və bir sıra normativləri təkmilləşdirməkdir.

“Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı deputat Vüqar Bayramov məlumat verib. O bildirib ki, layihə “Büdcə sistemi haqqında” Qanunun tətbiqi təcrübəsi, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihələrinə dair Hesablama Palatasının rəyləri nəzərə alınmaqla büdcə qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sonuncu məsələ olan “Dövlət borcu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı da Vüqar Bayramov diqqətə çatdırıb. Bildirilib ki, sənəddə dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət Borcu və Zəmanəti üzrə Öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul olunub.