RƏSMİ

21 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 11, maddə 676 (Cild I) ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci, 6-cı və 32-ci hissələr çıxarılsın.

2. 31-ci hissə aşağıdakı redaksiyada verilsin:

“31.Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarına lisenziya verilməsi üçün tələb olunan əlavə şərtlər:

31.1. lisenziyalaşdırılması nəzərdə tutulan fəaliyyət növü üzrə mütəxəssislərin və işçi heyətinin müvafiq ixtisasa malik olmaları haqqında sənədin surəti;

31.2. fəaliyyət növü üzrə normativ hüquqi aktların və işlərin aparılması qaydalarını müəyyənləşdirən texniki sənədlərin siyahısı;

31.3. yanacaqdoldurma və qaz təchizatı obyektinin istismara qəbulu aktının surəti;

31.4. yanacaqdoldurma və qaz təchizatı obyektində istifadə olunan partlayış-yanğın mühafizəli avadanlıqların, mühərriklərin və cihazların “Texniki təhlükəsizlik sertifikatı”nın surəti;

31.5. yanacaqdoldurma obyektində (mikro və kiçik sahibkarlıq subyektlərinə məxsus obyektlər istisna olmaqla) elektrik mühərrikli nəqliyyat vasitələri üçün 50 kVt-dan az olmayan nominal gücə malik elektrik enerjisi doldurma məntəqələrinin mövcudluğu;

31.6. fəaliyyət növü ilə əlaqədar ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunluğu, texniki reqlamentlərlə əhatə olunan mallara münasibətdə isə “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olması barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəyi;

31.7. ərizəçinin görülən işlərin keyfiyyətinə və texniki təhlükəsizliyinə nəzarət sisteminə malik olması barədə sənədlərin surəti;

31.8. yanacaqdoldurma məntəqəsinin texniki təhlükəsizlik bəyannaməsi.”.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 20 ” “ may ” 2025-ci il

№ 161