Finss.az - Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 39305,8 milyon manat təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artım deməkdir. Lakin bu artım ümumi mənzərədə qeyri-bərabər sektor dinamikası ilə müşahidə olunur.
Neft-qaz sektoru geriləyib
Əldə olunan rəqəmlərə görə, ölkənin iqtisadi strukturunda mühüm yer tutan neft-qaz sektoru 2025-ci ilin ilk dörd ayında 12856,3 milyon manat dəyərində ÜDM formalaşdırıb. Halbuki bu göstərici 2024-cü ilin analoji dövründə 13586,8 milyon manat olmuşdu. Bu da 3,5 faiz azalma deməkdir. Neft hasilatında və ixracatında müşahidə olunan azalmanın, eləcə də qlobal enerji bazarlarında qiymət dalğalanmalarının bu sektora mənfi təsir göstərdiyi ehtimal edilir.
Qeyri neft-qaz sektoru iqtisadi artımın əsas lokomotivi olub
Əksinə, qeyri neft-qaz sektoru 2025-ci ilin yanvar-aprel aylarında nəzərəçarpacaq dərəcədə inkişaf edərək 26449,5 milyon manat həcmində ÜDM istehsal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faizlik artım deməkdir. Müqayisəli qiymətlərlə bu artım 3,3 faiz təşkil edib. Bu göstəricilər göstərir ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar artıq müsbət nəticələr verməyə başlayıb.
Qeyri-neft sektoru üzrə artım əsasən sənaye, kənd təsərrüfatı, xidmət sahələri və tikinti sektorunun canlanması ilə izah oluna bilər. Hökumətin rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi mühit yaratmaq üçün həyata keçirdiyi institusional islahatlar da bu artıma təkan verən amillər sırasındadır.