RƏSMİ

16 May

Azərbaycanın Avropaya qaz ixracatı 12,9 milyard kubmetrə çatıb

Finss.az - Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək məqsədilə Tiranada işgüzar səfərdədir.

Yeni dünya düzəninin formalaşdığı bu mürəkkəb mərhələdə, regionda baş verən siyasi dəyişikliklərə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da möhkəmləndirib. Ölkə eyni zamanda regional “orta güc” dövlətinə çevrilib və çox vektorlu xarici siyasəti ilə həm Qərb, həm də Şərq tərəfdaşları ilə əlaqələrini inkişaf etdirərək regional təhlükəsizliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Azərbaycan regional enerji təhlükəsizliyinə böyük töhfə verir və tərəfdaş ölkələrlə enerji sahəsində əməkdaşlığını genişləndirir. 2024-cü ildə Azərbaycanın Avropaya qaz ixracatı 8.6 faiz artaraq 12.9 milyard kubmetr səviyyəsinə yüksəlib. Ötən il ölkədə ümumi qaz hasilatı isə 50,3 milyard kubmetrə çatıb ki, bu da 2023-cü illə müqayisədə 2 milyard kubmetr çoxdur.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq illik mavi qaz hasilatı 50 milyard kubmetrdən çox olub ki, bu da ölkənin ixrac potensialının daha da genişlənməsini təmin edir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.

Mavi qaz ixracatı həm dövlət gəlirlərinin artmasına səbəb olur, həm də Azərbaycanın geo-siyasi mövqeyini gücləndirərək regionun enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu isə Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələrlə yeni əməkdaşlıq imkanlarının açılması deməkdir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.