Finss.az - Azərbaycan Respublikası Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Nazir qeyd edib ki, EBRD-nin İllik Toplantısı çərçivəsində Bankın birinci vitse-prezidenti Yurgen Rigterinklə keçirilən görüşdə onun Azərbaycan-EBRD münasibətlərinin inkişafına verdiyi töhfə yüksək qiymətləndirilib.
“Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır,” – deyə M.Cabbarov vurğulayıb.
Nazir həmçinin bu vəzifəyə yeni təyin olunan Qreq Quyetə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Xatırladaq ki, EBRD Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun dəstəklənməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində uzunmüddətli layihələr həyata keçirir. Bankın ölkədəki fəaliyyəti enerji, nəqliyyat, maliyyə və kənd təsərrüfatı sahələrini əhatə edir.