RƏSMİ

02 May

Azərbaycanın Aİ-yə ixrac imkanları genişlənir

Finss.az - Azərbaycanın bir sıra məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracında əhəmiyyətli irəliləyişlər əldə olunub.

Hazırda bu məhsullar üçün Aİ-yə çıxışda 20 faizlik "yaşıl dəhliz" tətbiq olunur. Bununla yanaşı, Azərbaycanın akvakultura və dəri məhsullarının da Avropa bazarına ixracına rəsmi icazə verilib.

Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda məlumat verib. O, "Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış" mövzusunda panel iclasında çıxışı zamanı qeyd edib ki, ölkənin balıq və digər dəniz məhsullarının Aİ-yə ixracı istiqamətində də işlər davam etdirilir.

B.Quliyev həmçinin əlavə edib ki, aqrobiznes sektorunda fəaliyyət göstərən sahibkarların məhsullarının Çin bazarına çıxarılması üçün də intensiv danışıqlar aparılır:
“Artıq bir sıra görüşlər keçirilib, protokollar imzalanıb. Azərbaycanın qida təhlükəsizliyinin idarəetmə sistemləri barədə Çinə geniş hesabat göndərilib və həmin hesabat Çin tərəfindən qəbul olunub”.

Bu irəliləyişlər Azərbaycan məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, yerli istehsalçılar üçün yeni ixrac imkanları da yaradır.