Finss.az - Azərbaycanın Energetika Nazirliyi 2024-cü ilin nəticələrinə dair hesabatını təqdim edib.
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanın enerji sistemində qoyuluş gücü 8416 meqavat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 105 meqavat və ya 1,2 faiz artım deməkdir. Hazırda ölkədə elektroenergetika sistemində müxtəlif növ elektrik stansiyaları fəaliyyət göstərir.
Hesabatda verilən məlumatlara görə, ölkədə 2 elektroenergetika sistemində 6623 meqavat gücü olan 22 istilik elektrik stansiyası, 1407 meqavatlıq 58 su elektrik stansiyası, 63,62 meqavatlıq 5 külək elektrik stansiyası, 278 meqavatlıq 9 günəş elektrik stansiyası, 37 meqavatlıq 1 bioenerji elektrik stansiyası və 7,4 meqavatlıq 3 hibrid elektrik stansiyası istismar edilir.
Ən diqqət çəkən məlumatlardan biri bərpa olunan enerji mənbələri üzrə olan güclərin artmasıdır. Bərpa olunan enerji mənbələri (su elektrik stansiyaları daxil olmaqla) üzrə ümumi güc 1792,64 meqavat təşkil edir ki, bu da ümumi istehsal gücünün təxminən 21,3 faizini təşkil edir.
Bu artım Azərbaycanın enerji sektorunun diversifikasiyasına və bərpa olunan enerji mənbələrinin daha geniş şəkildə istifadəsinə yönələn strateji hədəflərinin bir hissəsidir. Energetika Nazirliyi, ölkənin enerji təhlükəsizliyini təmin etmək və ətraf mühitə təsiri azaltmaq məqsədilə bu sahəyə sərmayələrin artırılmasının vacibliyini vurğulayıb.