Fins.az - Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Baş nazirinin müavini və sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanla Tatarıstanın enerji sahəsindəki əməkdaşlığının cari vəziyyəti müzakirə edilib. Həmçinin, neft və neft-kimya sənayesi, təcrübə mübadiləsi, insan kapitalının inkişafı, elektrik enerjisi sahəsində yeni texnologiyaların tətbiqi, enerji obyektlərinin rəqəmsallaşdırılması, paylayıcı elektrik şəbəkələrinin avtomatlaşdırılması və avadanlıq istehsalı sahələrində əməkdaşlıq imkanları araşdırılıb. Perspektivli layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə, bu səfərin və müzakirələrin ikitərəfli əlaqələrin, xüsusən də enerji sahəsindəki əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Qarşılıqlı faydalı tərəfdaşlığa dəstək ifadə edilib.
Həmçinin, Azərbaycan tərəfi Tatarıstanın Kazan şəhərində bu ilin aprel ayında keçiriləcək enerji və enerji səmərəliliyi üzrə Beynəlxalq Foruma dəvət edilib.