Finss.az - Təcrübə göstərir ki, elektron hökumət sistemi hökumət və vətəndaşlar arasında etimadın qurulmasına, nəticə etibarı ilə isə şəffaflığın və hesabatlılığın təmin olunmasına zəmin yaradır.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Məmmədova deyib.
Deputat deyib ki, Ailə Məcəlləsi və daha 7 qanun layihəsinə təklif edilən dəyişikliklər müvafiq komitə iclaslarında, o cümlədən Əmək və sosial-siyasət komitəsində birinci oxunuşda müzakirəyə çıxarılıb:
“Mən layihənin sosial üstünlüklərinə diqqət çəkmək istərdim. Xüsusilə “Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət proqramı”nı qeyd etmək istərdim. Məhz bu proqramda da stasionar tipli qayğının tədricən alternativ xidmətlərə transformasiyasını müəyyən edən mexanizmin tətbiqi, habelə ölkədə himayədar ailə institutunun inkişafının zəruriliyi əksini tapıb. Artıq qeyd olunduğu kimi, dəyişikliklərin təklif olunduğu qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir. Elektron hökumətin üstünlüklərinə nəzər yetirsək, bu sistem xidmətləri optimallaşdırmaq üçün uğurlu kommunikasiyanın qurulmasına imkan yaradır. Həmçinin inzibati prosesləri sadələşdirir, sənədləşmə işlərini minimuma endirir.Sözügedən dəyişikliklər də bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib Burada həmçinin vaxta və maddi xərclərə qənaətdən söhbət gedir ki, bu da prosesin sürətlənməsini təmin edir, vətəndaş məmnunluğuna zəmin yaradır.
Həmçinin zəruri dövlət orqanları arasında müvafiq proseslərin sadələşdirilməsi bəzi mümkün risklərin qarşısını almış olacaq. Belə ki, gecikmə halları minimuma endiriləcək, eyni zamanda elektron bazadan sənədlərin əldə edilməsi sayəsində uşaq hüquqlarının müdafiəsilə bağlı aidiyyatı qurumların vaxtında müdaxiləsi müvafiq riskləri ortadan qaldıracaq. Xüsusilə vurğulamalıyam ki, yeni dəyişikliklər etimadın artmasını təmin edəcək, qəyyumluq prosesinə müsbət təsir göstərəcək. Bununla yanaşı, təklif olunan dəyişikliklər dövlət tərəfindən monitorinq və nəzarət funksiyalarının gücləndirilməsinə töhfə verərək, övladlığa götürən ailələrin məsuliyyətini artıracaq. Beləliklə, normativ hüquqi baza daha da möhkəmlənir, aidiyyatı orqanların iş keyfiyyəti daha da artmış olur. Nəticə etibarı ilə sui-istifadə hallarının da qarşısı alınacaq, həmçinin gələcəkdə bu sahədə yeni layihələrin icrası üçün təhlil aparmaq imkanı yaranacaq”.