RƏSMİ

01 Aprel

Vergi Məcəlləsinə kənd təsərrüfatı sahəsi ilə bağlı dəyişiklik təklif olunur

Finss.az - Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

Qanun layihəsi Milli Məclisin aprelin 1-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında kənd təsərrüfatı sahəsində subsidiyalara, güzəştli kreditlərə, kənd təsərrüfatı istehsal vasitələrinin güzəştli şərtlərlə satışına və lizinqinə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması məqsədləri üçün zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) verə bilərlər.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnaməyə” əsasən nazirlik kənd təsərrüfatı sahəsində subsidiyaların, güzəştli kreditlərin və lizinqlərin verilməsi, kənd təsərrüfatı istehsal vasitələrinin satışı, krediti və lizinqinə tətbiq edilən güzəştlərin maliyyələşdirilməsi və həmin vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi, habelə ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması ilə bağlı səlahiyyətləri həyata keçirir. Həmin funksiyalar həyata keçirilərkən dövlət büdcəsinin vəsaitlərindən səmərəli istifadəyə nail olunması, sui-istifadə hallarının qarşısının alınması məqsədilə adıçəkilən qaydalara müvafiq olaraq kənd təsərrüfatı məhsullarının istehsalçıları, tədarükçüləri və təchizatçıları tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə bir sıra məlumatlar təqdim edilir. Müvafiq məlumatların mötəbərliyinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin qurulmasına zərurət var. Qeyd edilən məlumatların dairəsinə vergi sirrinə aid olunan məlumatlar da daxil olduğu üçün müvafiq məlumatların ötürülməsi təklif olunan layihə ilə - Vergi Məcəlləsinin 30.6-cı maddəsində dəyişiklik edilməsi yolu ilə mümkündür.

Beləliklə, dəyişikliyə əsasən, vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicilərinin məlumatlarının sorğu əsasında qeyd olunan məqsədlər üçün və zəruri olan hədlərdə müvafiq icra hakimiyyəti orqanına verilməsinin (əldə olunmasının) hüquqi bazası yaradılır. Bununla da aqrar sahədə göstərilən dövlət dəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyata keçirilməsi, həmçinin müraciət edən şəxslərin əlavə sənəd və məlumatlar təqdim etməsindən azad edilməsi təmin olunacaq.