RƏSMİ

01 Aprel

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında”, “Dövlət rüsumu haqqında”, “İxrac nəzarəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında”, “Elektroenergetika haqqında” və “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 121-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 3 fevral tarixli 317 nömrəli Fərmanının 3.2.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Dövlət rüsumlarının elektron idarə edilməsi (e-rüsum)” informasiya sisteminin (bundan sonra - Sistem) funksionallığının təmin edilməsi, formalaşdırılması, aparılması, həmçinin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq Sistemin “Hökumət buludu”nda yerləşdirilməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ mart ” 2025-ci il

№ 87