Azərbaycanda inzibati xətanı nəzərdə tutan "az miqdarda aldadılmanın" məbləği artırılır.
Fins.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Məcəllənin qüvvədə olan 447.0.1-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati məsuliyyəti nəzərdə tutur.
Burada "az miqdarda" dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 200-cü maddəsinə görə isə istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma xeyli miqdarda (üç yüz manatdan yuxarı) törədildikdə cinayət məsuliyyətinə səbəb olur.
Təqdim olunan layihədə inzibati xətanı nəzərdə tutan "az miqdarda aldadılmanın" məbləğinin üç yüz manatdan beş min manatadək artırılması təklif olunur və müvafiq olaraq ziyan beş min manatdan yuxarı (xeyli miqdarda) olduqda isə bu əməl cinayət məsuliyyətinə səbəb olacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.