“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları” təsdiq edilib.
Fins.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb və həmin Məcəllənin tələbləri nəzərə alınmaqla, təsərrüfat subyektləri arasında bağlanılmış sazişlərin istisna edilməsi və ya az əhəmiyyətli olmasının Məcəlləyə əsasən müəyyən edilən meyarlar əsasında təsdiqlənməsi qaydasını müəyyən edir.
Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
Saziş iştirakçıları arasında saziş bağlanıldığı andan etibarən bağlanılmış sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri könüllü əsaslarla yazılı şəkildə rəqabət orqanına müraciət edə bilər.
Rəqabət orqanı tərəfindən qaldırılan iş sazişin predmeti ilə əlaqəli olduqda saziş iştirakçılarından ən azı biri barəsində iş qaldırılması ilə bağlı qərarın işin tərəflərinə təqdim edilməsindən etibarən 30 (otuz) gün ərzində sazişin istisna edilməsi məqsədilə saziş iştirakçılarından hər hansı biri müraciət edə bilər.
Bu Qaydaların tələbləri pozulduğu halda sazişin istisna edilməsi ilə bağlı saziş iştirakçılarının hər hansı biri tərəfindən verilən vəsatətin qəbul edilməsi rəqabət komissiyasının müvafiq qərarı ilə həyata keçirilir.
Sazişlərin istisna edilməsi üçün rəqabət orqanına və ya rəqabət komissiyasına müraciət edilərkən (vəsatət verilərkən), müraciətin (vəsatətin) mətnində sazişin iştirakçıları, predmeti, mahiyyəti, planlaşdırılan davametmə müddətləri, texniki və iqtisadi xüsusiyyətləri, tətbiq edildiyi coğrafi ərazi və saziş iştirakçılarının hüquqi ünvanları göstərilməlidir.
Müraciət bir sazişin istisna edilməsi ilə bağlı edilir. Eyni müraciətə yalnız mahiyyət və predmet baxımından onunla əlaqəli olan saziş və ya sazişlər əlavə oluna bilər.
Bu Qaydalara əsasən təqdim edilmiş müraciətlərlə bağlı rəqabət orqanı tərəfindən 30 (otuz) gün ərzində qərar qəbul edilir.
Xüsusi əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qaydalarda nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduqda, müraciətin baxılma müddəti rəqabət orqanının qərarı əsasında 30 (otuz) gün uzadıla bilər. Rəqabət orqanı tərəfindən müddətin uzadılması barədə məlumat 5 (beş) iş günü müddətində saziş iştirakçılarına təqdim edilir.
Bu Qaydaların tələblərinə uyğun olaraq təqdim edilən müraciət və ya vəsatətlərlə bağlı yekun qərar rəqabət komissiyasının işlə bağlı yekun qərarından əvvəl qəbul edilir.
Bu Qaydalara əsasən təqdim edilən müraciət və ya vəsatətlərin qiymətləndirilməsi nəticəsində rəqabət orqanı və ya rəqabət komissiyası sazişlərin istisna edilməsi və ya edilməməsi barədə qərar qəbul edir.
Rəqabət orqanı və ya rəqabət komissiyası tərəfindən bu Qaydaların müddəalarına uyğun olaraq sazişlərin istisna edilməsinin təsdiqlənməsi ilə bağlı yekun qərar həmin qərarın qəbul edilməsinə imkan verən şərtlərin ödənildiyi müddətdə qüvvədə olur.