Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təmin edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Fins.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Biznesinin İnkişafı Fondunun Nizamnaməsi” və “Azərbaycan Biznesinin İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib
Qeyd edilib ki, ləğvetmə prosesində olan müvəkkil kredit təşkilatları vasitəsilə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər üzrə 189.751.707,0 (bir yüz səksən doqquz milyon yeddi yüz əlli bir min yeddi yüz yeddi) manat həcmində qalıq aktivlər Sahibkarlığın İnkişaf Fondunun nizamnamə fondundan silinsin və tələb hüququ həmin müvəkkil kredit təşkilatlarının aktivlərinə transfer edilir.
Nazirlər Kabineti sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi, eləcə də investisiya qoyuluşunun həyata keçirilməsi qaydasını 4 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, iqtisadiyyatın tələblərini nəzərə almaqla, digər maliyyələşmə mexanizmlərinin tətbiqi imkanlarını öyrənməli və nəticəsindən asılı olaraq təkliflərini Prezidentə təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi Fondun strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
* * *
Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir.
Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncamı imzalayıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir; sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Bundan əlavə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 101 (Cild I) 1-ci hissəsi ləğv edilir.
Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
* * *
Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb.
Fins.az xəbər verir ki, Sərəncama əsasən, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti:
nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyətin təhlil edilməsi, müvafiq bazarın öyrənilməsi və aparılacaq təhlillərin nəticəsindən asılı olaraq bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli;
beynəlxalq standartlar nəzərə alınmaqla, qeyri-filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı sahəsində milli standartların təkmilləşdirilməsi üçün təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;
bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.