Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında dəniz suyunun duzsuzlaşdırılması ilə bağlı pilot layihənin icrasına başlanılacaq.
Finss.az xəbər verir ki, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına əsasən, layihənin beynəlxalq normalara uyğun, dövlət-özəl tərəfdaşlığı kontekstində icrası üçün nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilib və potensial investorlar müəyyənləşdirilib. Bu layihənin həyata keçirilməsi üçün 29,6 hektar torpaq sahəsi ayrılıb.
Ötən ilin fevralın 8-də keçirilən müsabiqə nəticəsində İqtisadiyyat Nazirliyinə üç iddiaçı şirkət tərəfindən təkliflər təqdim edilib: ACWA Power, Metito Utilities Limited, və IDE Water Assets Ltd. Bu şirkətlərin və aidiyyəti dövlət qurumlarının iştirakı ilə noyabrın 4-də təkliflər paketi açılıb və müvafiq prosedurlara uyğun qeydiyyata alınaraq qiymətləndirmə prosesi başlanılıb.
Prezident İlham Əliyevin 12 aprel 2023-cü il tarixli “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncamına əsasən, İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə işçi qrupu yaradılıb. Qrup, aidiyyəti qurumların səlahiyyətli nümayəndələrindən ibarət olmaqla, layihənin həyata keçirilməsinə dair müvafiq tədbirləri təmin edəcək.