Finss.az - 2025-2030-cu illər üçün müəyyən edilmiş Gömrük İnkişafı Strategiyasına əsasən, Azərbaycanın gömrük sistemində rəqəmsallaşma və texnoloji innovasiyaların tətbiqi ön planda olacaq.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Maliyyə nəzarəti - dövlətin və özəl sektorun konstitusion hüquqlarının qorunmasının təminatçısı kimi” mövzusundakı konfransda məlumat verib.
Şirinov, Azərbaycanda gömrük prosedurlarının sadələşdirilməsi, şəffaf idarəetmə sisteminin tətbiqi və sahibkarlara əlverişli biznes mühitinin yaradılması məqsədilə bir sıra mühüm addımlar atıldığını vurğulayıb. Onun sözlərinə görə, ticarət sahəsində asanlaşdırma və rəqəmsallaşma sahəsində beynəlxalq standartlara uyğun islahatlar həyata keçirilir. Xüsusilə, “Elektron Hesablaşma Sistemi”, “Optimallaşdırılmış Risk Analiz Sistemi” (ARAS) və “Səlahiyyətli İqtisadi Operatorlar” layihələri ilə biznes subyektləri üçün daha əlverişli şərait yaradılacaq.
Bu sistemlər, gömrük ödənişlərinin şəffaflığını artıracaq, risklərin idarə edilməsini optimallaşdıracaq və ticarət dövriyyəsinin sürətlənməsinə imkan verəcəkdir.
Tədbir Azərbaycan Auditorlar Palatası, Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadçılar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub.