RƏSMİ

03 Mart

Yeni qaydalar: Nağd ödənişlərə qadağa

Finss.az - Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında icra icraatında nağdsız hesablaşmaların məcburi edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilib.

Yeni dəyişikliklərə əsasən, icra sənədləri üzrə ödənişlərin, icra ödənişlərinin və icra hərəkətlərinə aid xərclərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Nağd ödənişlərə qadağa

Təklif edilən dəyişikliklər “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunları əhatə edir. Xüsusilə, “İcra haqqında” qanuna əlavə edilən yeni 81-1-ci maddəyə görə:

  • İcra məmuru tərəfindən icra sənədlərinə uyğun qəbul edilən və ödənilən pul vəsaitləri yalnız icra xidmətinin depozit hesabı vasitəsilə həyata keçiriləcək.

  • Depozit hesabı üzərindən aparılan bütün köçürmələr zamanı müvafiq icra işinin qeydiyyat nömrəsi göstərilməlidir.

  • Tələb olunan məbləğin köçürüləcəyi bank hesabı barədə məlumatlar tələbkar tərəfindən icra məmuruna təqdim edilməlidir.

  • Vəsaitin nağdlaşdırılması ilə bağlı xərclər tələbkar tərəfindən ödəniləcək.

İcra məmurlarına cərimələr tətbiq olunacaq

İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 528-2-ci maddə isə icra məmurlarının bu qaydaları pozduqları halda məsuliyyətə cəlb olunmasını nəzərdə tutur. Belə ki, icra sənədləri üzrə pul vəsaitlərinin nağd qaydada qəbul edilməsi və ya ödənilməsi halları aşkarlandıqda, icra məmuru 500 manatdan 1000 manatadək cərimə ediləcək.