Dövlət Sosial Müdafiə Fondu (DSMF) indiyədək 1 milyard 475 milyon manata yaxın vəsaiti investisiya edib.
Fins.az-ın məlumatına görə, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məlumat verib.
Nazir müavini investisiya siyasətinin olduqca konservativ olduğunu vurğulayıb:
“Bizim üçün ən əsas məsələ ictimai fondların vəsaitlərinin təhlükəsizliyidir. Burada əsas prioritet risklərin idarə edilməsidir. Bu məqsədlə daha çox dövlət qiymətli kağızlarının, xüsusilə Maliyyə Nazirliyinin və Mərkəzi Bankın buraxdığı istiqrazların alışına üstünlük veririk. Bu investisiyalar bazar şərtlərinə və formalaşmış faiz dərəcələrinə uyğun həyata keçirilir. Faizlərin aşağı düşməsi bizim riskli investisiya alətlərinə keçidimizə səbəb olmayacaq. Siyasətimiz tamamilə ehtiyatlı və konservativ olaraq qalacaq”.