COP29 çərçivəsində qeyri-bazar yanaşmalarına dair 6.8-ci maddə qəbul olunub.
Fins.az xəbər vereir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mətbuat konfransında məlumat verib.
Nazir qeyd edib ki, COP29-un ilk günündə gündəliyin qəbul edilməsi prosesi uğurla tamamlanıb, bu isə tədbirə uğurlu başlanğıc verdi. Daha sonra, 6.4-cü maddə üzrə standartlar razılaşdırıldı və bu, 6-cı maddə üzrə danışıqların yekunlaşması yolunda mühüm addım hesab olunur.
Babayev həmçinin "Zərər və İtkilər Fondu"nun təsis edilməsini, Bakı İş Planının hazırlanmasını və yerli icmalarla tərəfdaşlıq çərçivəsində yeni razılaşmaların bağlanmasını vurğulayıb. O, bu irəliləyişləri COP29-un əsas nailiyyətlərindən biri kimi qiymətləndirib.
Nazir danışıqların tempi ilə bağlı narahatlığını da ifadə edib. O vurğulayıb ki, tərəflər prosesləri daha da sürətləndirməli və ədalətli, ambisiyalı qərarlar qəbul etməlidir:
"Bu həftə nazirlərin iştirakı ilə danışıqlar son mərhələyə qədəm qoyacaq. Siyasətçilər dərhal və konstruktiv şəkildə hərəkətə keçərək ədalətli razılığa nail olmalıdırlar."
COP29, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, noyabrın 11-də Bakıda açıldı və regionda ilk dəfə olaraq Azərbaycan tərəfindən təşkil olunur. Əsas hədəf iqlim maliyyəsi ilə bağlı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır.
Noyabrın 22-dək davam edəcək bu tədbirdə COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Onların sırasında yaşıl enerji dəhlizləri, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması və digər mühüm mövzular yer alır.
COP29 çərçivəsində irəli sürülən təşəbbüslər, iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni gücləndirməyi hədəfləyir. İqlim maliyyəsi isə bu proseslərin icrasına şərait yaradaraq, 1.5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti də tədbirin ən yüksək səviyyəli görüşlərindən biri olaraq noyabrın 12-13-də təşkil edilib. Azərbaycanın bu cür mühüm tədbiri təşkil etməsi onun qlobal iqlim siyasətindəki rolunun artdığını nümayiş etdirir.