RƏSMİ

08 Noyabr

8 Noyabr - Zəfər Günü: Tarixin şanlı qələbəsi

Bu gün, 8 noyabrda, Azərbaycanda 8 Noyabr – Zəfər Günü rəsmi olaraq qeyd olunur.

Fins.az-ın məlumatına görə, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci ildə imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, bu günün qeyd edilməsi 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə həsr olunub.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsindən sonra Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən müharibə, təxminən otuz il ərzində işğal altında olan ərazilərimizin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələndi.

Azərbaycan xalqı üçün böyük önəm daşıyan Şuşa şəhərinin 8 noyabrda 28 illik əsarətdən qurtuluşu müharibənin taleyini həll etdi. Bu qələbə Ermənistanın siyasi-hərbi rəhbərliyinin məğlubiyyətini etiraf etməsinə və hərbi əməliyyatları dayandırmağa məcbur etdi.

Şuşanın azad edilməsi əməliyyatı tarixə həmişəlik həkk olunub. Qarabağın tacı və mədəniyyət beşiyi olan Şuşa, təbii istehkam olduğundan ağır silahlarla alınması mümkün deyildi. Komandanlıq şəhərin bombardman edilərək məhv edilməməsi üçün əlbəyaxa döyüş taktikasını seçdi. Azərbaycan əsgərləri yüngül silahlarla qalın meşələrdən, qayalıqlar və dağlardan keçərək düşməni üzbəüz döyüşdə məhv etdilər.

Şuşanın işğaldan azad edilməsinin əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş ruhunu və gücünü nümayiş etdirən bu zəfər hər il noyabrın 8-də geniş qeyd olunur.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti atəşkəs və hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bu razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları müvafiq olaraq noyabrın 20-də, noyabrın 25-də və dekabrın 1-də bir güllə belə atılmadan geri qaytarıldı. Azərbaycan Ordusunun qələbəsi Ermənistanı kapitulyasiya aktını qəbul etməyə məcbur etdi.

44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev regionda davamlı sülhün bərqərar olması üçün Ermənistana sülh təklif etdi. Lakin Ermənistan sülh təşəbbüsünü qəbul etməyərək, müxtəlif təxribatlara əl atmağa davam etdi. Buna cavab olaraq, Azərbaycan antiterror tədbirləri həyata keçirdi və erməni separatçıları qısa müddətdə təslim olmaq məcburiyyətində qaldı.

Bu tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri tərksilah edildi, Qarabağda qanunsuz xunta rejimi ləğv olundu, separatçı liderlər həbs edildi və Azərbaycanın suverenliyi bütün ərazisində bərpa edildi.

Fuad Mədətov
Fins.az