RƏSMİ

04 Noyabr

GÜNDƏM: Prezident İlham Əliyev və Mehriban Əliyeva COP29 hazırlıqlarını dəyərləndirdi; dövlət qurumlarından yeni səlahiyyətlər və nəqliyyatla bağlı müraciətlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva noyabrın 4-də Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar.

* * *

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoruna yeni səlahiyyət verilib.

Fins.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”ndə dəyişiklik edib. Dəyişikliyə əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvləri sırasına daxil edilib.

* * *

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) gömrük məsələləri ilə bağlı müəyyən edilmiş tapşırıqlarla əlaqədar Dövlət Gömrük Komitəsində “COP29 – Gömrük Komissiyası” yaradılıb və “Dövlət Gömrük Komitəsi tərəfindən görüləcək işlərə dair Tədbirlər Planı” hazırlanıb.

Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirlər planına uyğun olaraq sürətli sərhəd keçidinin və rəsmiləşdirilmənin təmin edilməsi, təmassız yoxlamaların həyata keçirilməsinində texnologiyaların istifadə edilməsi, məlumatlandırma və maarifləndirmə istiqamətində müvafiq işlər həyata keçirilib.

Tədbirin təşkili məqsədilə gətirilən material və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 – müvəqqəti gömrük nəzarət zonası” yaradılıb və orada fəaliyyət göstərən əməkdaşlar müəyyənləşdirilib.

Ölkəmizə səfər edən şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib eilməsi məqsədilə Komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi yaradılıb.

Təhlükəsizliyin gücləndirilməsi məqsədilə gömrük orqanları son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə təmin edilib.

Tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq Komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin “cop29.az” rəsmi internet saytına inteqrasiya olunub.

Eyni zamanda gömrük əməkdaşları üçün zəruri sahəvi biliklərin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi istqamətində təlimlər keçirilib.

* * *

Mötəbər tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Artıq noyabrın birinci ongünlüyündən başlayaraq paytaxtımız iqlim konfransı iştirakçılarını qəbul etməyə başlayacaq.

Fins.az xəbər verir ki, bu COP29 konfransı tarixlərində nəqliyyat sıxlığının azaldılması ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində deyilib.

"Məlumat verildiyi kimi beynəlxalq miqyaslı tədbirlə əlaqədar çoxsaylı qonaqların, rəsmi şəxslərin, eləcə də əhanin rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə, müvafiq konsepsiya hazırlanıb. Sistemli yanaşmaya əsaslanan sözügedən konsepsiyada COP29 müddətində paytaxtın bəzi küçə və prospektlərində fasilələrlə məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulsa da, yolların uzunmüddətli bağlanmasına ehtiyac duyulmayıb.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədilə, COP29 konfransı tarixlərində Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələrini, paytaxt sakinlərindən isə fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələrini, xüsusilə bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını nəzərə alaraq, həmin istiqamətlərdə əvvəlcədən göstəriləcək alternativ yollarla hərəkət etməyi xahiş edir.

Ümidvarıq ki, hər bir yol hərəkəti iştirakçısı verilən tövsiyələrə əməl etməklə ölkəmizin COP29-a uğurla ev sahibliyi etməsinə töhfə verəcək, tətbiq ediləcək məhdudiyyətlərə anlayışla yanaşacaq, təşkilatçılara dəstək nümayiş etdirəcəkdir",- müraciətdə bildirilib.