Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Fins.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına paytaxtımızda Puşkin küçəsinin Azadlıq prospekti ilə birləşməsindən Dilarə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində - Bakı Dəmiryol Vağzalı və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə görülmüş işlər barədə məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb. Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb. Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.
Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, o cümlədən paytaxt Bakıda abadlıq-quruculuq işləri geniş vüsət alıb.
Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. COP29-a ev sahibliyi edəcək ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən abadlıq və yenidənqurma işləri də ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda, Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fathudin Ali Mohamedin etimadnaməsini qəbul edib.
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristina Latore Sançonun etimadnaməsini qəbul edib.
* * *
Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik məktubu ünvanlayıb.
Fins.az xəbər verir ki, məktubda deyilir.
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Əlcəzair Xalq Demokratik Respublikasının milli bayramı - İnqilab Gününün 70-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
1954-cü ilin 1 noyabr günü qardaş Əlcəzair xalqının tarixinə qəhrəmanlıq səhifəsi kimi əbədi olaraq həkk olunmuş, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilmişdir. Bir əsrdən artıq davam edən amansız müstəmləkəçilik siyasətinə, misli görünməmiş zorakılığa, insanlıq əleyhinə və müharibə cinayətlərinə məruz qalmasına baxmayaraq xalqınız heç bir zaman müstəqillik əzmini itirməmiş, böyük fədakarlığı, cəsarəti ilə, Vətən uğrunda canlarını fəda edən milyonlarla şəhidinin canı və qanı bahasına azadlığını əldə etmişdir.
Hazırda Azərbaycan-Əlcəzair münasibətlərinin inkişaf dinamikası məmnunluq doğurur. Biz bu əlaqələrin daha da genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsinə xüsusi önəm veririk.
Əminəm ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Əlcəzair xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
* * *
“Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi Qaydası” təsdiq edilib.
Fins.az xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin həyata keçirilməsi QAYDASI
Bu Qayda “Aviasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7.7-ci maddəsinin ikinci cümləsinə, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya (bundan sonra – Konvensiya) və ona əlavələrlə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, həmçinin “Doc 8335, müfəttiş yoxlamalarına, sertifikatlaşdırmaya və davamlı nəzarətə dair Təlimat”ının yoxlama və davamlı nəzarətə dair müddəalarına uyğun olaraq hazırlanmışdır və digər dövlətdə qeydiyyatda olan mülki hava gəmilərinin uçuşa və istismara yararlılığının təmin edilməsi, uçuş heyətinə və uçuş sənədlərinə dair tələblərin yerinə yetirilməsi üzrə prosedurları müəyyən edir.
Azərbaycan Respublikasının ərazisinə enən və ərazisindən qalxan digər dövlətdə qeydiyyatda olan mülki hava gəmisinin (bundan sonra - hava gəmisi) istismarçısı istismarçı sertifikatına və istismar tələblərinə uyğun fəaliyyət göstərməli, uçuşları naviqasiya, kommunikasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş və bu Qayda ilə müəyyən edilmiş digər tələblərə cavab verən hava gəmisi ilə yerinə yetirməlidir.
Azərbaycan Respublikasının ərazisinə enməsi və ərazisindən qalxması üçün Konvensiyanın 83 bis maddəsinə uyğun olaraq, digər dövlətdə qeydiyyatda olan hava gəmisinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzv dövlətləri ilə saziş imzalamış və uçuşa yararlılıq sertifikatının verilməsi öhdəliyini ötürmüş qeydiyyat 3 dövləti və ya istismarçı dövlət tərəfindən verilmiş hava gəmisinin uçuşa yararlılıq sertifikatı olmalıdır.
Bu Qaydanın məqsədləri üçün istifadə olunan anlayışlar Qanunda, Konvensiyada və onun əlavələrində nəzərdə tutulmuş mənaları ifadə edir.
Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna və bu Qaydanın 1.1-ci bəndində nəzərdə tutulmuş digər sənədlərə uyğun olaraq həyata keçirilir.
Bu Qaydanın tələblərinin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən həyata keçirilir.
Uçuşdan əvvəlki tədbirlər
Digər dövlətdə qeydiyyatda olan istismarçı uçuşdan əvvəl istismar etdiyi hava gəmisində aşağıdakıları yoxlamalıdır:
hava gəmisinin heyəti və sərnişinlər üçün tələb olunan miqdarda oksigen təminatı;
mətni ilə birlikdə sərnişin təlimatlandırma kartları;
uçuş heyəti və sərnişin kabinəsində daşınabilən yanğınsöndürücü vasitələr;
xilasedici qayıq və xilasetmə jiletləri, yaxud fərdi üzmə vasitələri;
pirotexniki qəza-xəbərdarlıq qurğuları;
ilkin və təcili tibbi yardım çantaları;
möhkəmləndirilmiş konstruksiyaya malik uçuş heyəti kabinəsinin qapısı;
qəza çıxış işarələri və işıqlandırılma;
havada toqquşmaların qarşısının alınması üzrə xəbərdarlıq sistemi;
qəza mayakları;
hava gəmisinin uçuş məlumatının qeydiyyatı, uçuş heyətinin kabinəsinin səsyazmasını, uçuş görüntülərinin çəkilişini və məlumat bağlantısını qeydə alan qurğular;
yer səthinə təhlükəli yaxınlaşma barədə xəbərdarlıq sistemi.
Hava gəmisinin bortunda olması zəruri hesab edilən sənədlər
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin bortunda aşağıdakılar olmalıdır:
hava gəmisinin qeydiyyat sertifikatı;
hava gəmisinin uçuşa yararlılıq sertifikatı;
istismarçı sertifikatı və istismar tələbləri;
hava gəmisinin uçuş təlimatı və ya onun gəmisinin uçuş-texniki xarakteristikalarını göstərən digər sənəd;
radioavadanlıq sertifikatı;
hava gəmisi jurnalı, yaxud texniki qeydiyyat kitabı və ya ümumi bəyannamə;
hava gəmisinin texniki xidmət buraxılışı;
yanacaqla və yağla doldurulmaya dair qeydlər;
səs-küy çirklənmələri normalarına uyğunluq üzrə sertifikat;
bu Qaydada nəzərdə tutulmuş saziş;
minimal avadanlıqların siyahısı;
hava gəmisinin istismar təlimatı;
normal, qeyri-normal və qəza vəziyyətində fəaliyyət prosedurlarına dair yoxlama siyahıları;
aeronaviqasiya xəritələri;
qanunsuz müdaxilə aktlarının baş verdiyi hallarla bağlı hava gəmisinin axtarışı proseduru üzrə yoxlama siyahısı;
tələblərə uyğun tərtib edilmiş yük və balans sənədləri;
meteoroloji məlumatları və proqnozları əks etdirən sənədlər;
operativ uçuş planı;
NOTAM-lar (Aeronaviqasiya Məlumat Xidmətinin heyətə vaxtında çatdırılması mühüm olan məlumatlardan ibarət bildirişlər).
Uçuş heyətinə dair tələblər
Digər dövlətdə qeydiyyatda olan istismarçı tərəfindən istismar edilən hava gəmisinin uçuş heyəti:
şəhadətnamə, vəsiqə və sertifikatlara, habelə uçuş heyətinin hər bir üzvünün tibbi yoxlamadan keçməsini təsdiq edən sənədlərə malik olmalıdır;
uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etməməlidir.
* * *
Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
Fins.az-ın məlumatına görə, iclasın gündəliyinə 9 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
4. “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
5. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
9. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).