Birləşmiş Krallıqda işgüzar səfərdə olan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Böyük Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri Tim Barrou, Xarici İşlər, Birlik və İnkişaf naziri Stiven Douti, Böyük Britaniya parlamentinin üzvləri və digər yüksək vəzifəli şəxslərlə görüşüb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov X hesabında məlumat verib.
Bildirilib ki, tərəflər arasında Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh gündəliyini və COP29 müzakirə olunub.
Elçin Əmirbəyov həmçinin Azərbaycan-Ermənistan sülh prosesi və COP29 mövzusunda Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunda da çıxış edib.
* * *
İsrail prezidenti İsaak Hersoq Bakıda COP29-da iştirak edəcək.
Fins.az bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
İ.Hersoq Prezidentin iqamətgahında keçirilən görüşdə İsrail nümayəndə heyəti qarşısında çıxış edərək, ABŞ-yə səfərindən sonra COP29 konfransına qatılacağını açıqlayıb.
O, iqlim dəyişikliyi ilə mübarizənin əhəmiyyətini və regional əməkdaşlığın formalaşmasının zəruriliyini vurğulayıb.
* * *
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair yüksək səviyyəli görüşə hazırlığı müzakirə edib.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gətirərək qlobal sinerjinin təmin edilməsi istiqamətində əhəmiyyətli perspektiv vəd edir.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi xanım Rebeka Qrinspan ilə videokonfrans formatında keçirdiyimiz görüşdə COP29 çərçivəsində baş tutacaq BICFIT-ə dair Yüksək Səviyyəli Görüşə hazırlığı müzakirə etdik.
İqlim maliyyəsinin inklüziv əsaslarla formalaşdırılması, özəl sektorun potensialından istifadə və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyini vurğuladıq", - deyə paylaşımda qeyd olunub.
* * *
Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib.
Bu barədə DSX-dan məlumat verilib.
Bildirilib ki, beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilib.
Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verilib.
* * *
COP29 müddətində tədbir məkanı Bakı Stadionunun tələb olunan enerji ehtiyacının yaşıl enerji mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərenerji” ASC-nin “Yaşıl Enerji Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Fins.az xəbər verir ki, Anlaşma Memorandumu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Aparat rəhbəri Hikmət Mustafayev və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov tərəfindən imzalanıb. Sənədinə əsasən prosesdə iştirak edən tərəflər — COP29 Azərbaycan Əməliyyat Şirkəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Stadium Operating Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Yaşıl Enerji Elektrik Stansiyası” MMC arasında müvafiq əməkdaşlıq və koordinasiyanın təmin edilməsi məqsədilə beştərəfli müqavilənin imzalanması nəzərdə tutulur.
Tədbirdə çıxış edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib: “COP29 dayanıqlı tədbir əməliyyatları və idarəçiliyində bir sıra ilklərə imza atmışdır və bununla da COP29 konfransının ölkədə dayanıqlı davranışların təşviqi və tədbiqinə və ümumilikdə yaşıl keçidə təkanı danılmaz xarakter almışdır. Biz inanırıq ki, Bakı Stadionu nümunəsində bir sıra tədbir infrastrukturları və məkanları ekoloji cəhətdən məsuliyyətli idarə olunacaq, enerji qənaətinə və yaşıl enerji ilə təchizata üz tutulacaqdır.”
Daha sonra çıxış edən “Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin direktoru Emil İbadov ölkə başçısının işğaldan azad edilmiş əraziləri yaşıl enerji zonasına çevrilməsi, regionun hidroenerji potensialından səmərəli istifadə edilməsinə dair tapşırıqları vurğulayaraq, hazırda Qarabağ regionunda “Yaşıl Enerji Elektrik Stansiyası” MMC tərəfindən ümumi gücü 270 MVt olan 32 ədəd su elektrik stansiyasında “yaşıl enerji” istehsal edildiyini və yaşıl enerji layihələrinin iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyətli rol oynayacağını vurğulayıb.
Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti tədbirlə bağlı karbon emissiyalarının və ətraf mühitə mənfi təsirlərin azaldılması məqsədilə artıq müvafiq addımların atılmasını təmin edib. Belə ki, konfransın keçiriləcəyi Bakı Stadionunun ətrafında tikilmiş müvəqqəti konstruksiyaların enerji təchizatınında istifadə ediləcək generatorlarda dizel əvəzinə hidrogenləşdirilmiş bitki yağının (HVO) istifadəsi, həmçinin stadion və ətraf tikililərdə səmərəli enerji sərfiyyatını təmin edən qurğu və avadanlığın quraşdırılması icra olunub.
* * *
COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə geniş miqyaslı monitorinqlər davam etdirilir.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Bildirilir ki, noyabrın 3-də saat 11:00-dan 14:00-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq və paytaxtın Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərini əhatə edəcək. Sözegdən müddətdə qeyd edilən yollarda nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlər nəzərə alınaraq sürücülərdən alternativ yollardan və ictimai nəqliyyat vasitələrdən istifadə edilməsi xahiş olunur. COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq monitorinq prosesi zamanı COP29 konfransı çərçivəsində planlaşdırılan marşrutlar və nəqliyyat hərəkəti planları test ediləcək.
Xatırladaq ki, cari ay ərzində baş tutan nəqliyyat monitorinqləri zamanı COP29-a məxsus avtobus və avtomobillər, yanğınsönüdrümə və təcili tibbi yardım maşınları, eləcə də yüzlərlə COP29 könüllüsü cəlb edilməklə müxtəlif ssenari və istiqamətlər üzrə nəqliyyatın hərəkəti uğurla sınaqlardan keçirilmişdir.