Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakının Nəsimi rayonunda Zərifə Əliyeva, Rixard Zorge küçələrinin və Neftçilər prospektinin əhatəsində yerləşən ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
* * *
Birinci vitse-prezident Mehriban Əliyeva 29 Oktyabr - Türkiyənin Cümhuriyyət Günü münasibətilə rəsmi Instagram hesabında paylaşım edib.
Fins.az xəbər verir ki, paylaşımda deyilir:
“Türkiyə xalqını milli bayramı – Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!”.
* * *
Oktyabrın 29-da Bakıda Türkiyədə ölkənin ən böyük bayramı - Cümhuriyyət Günü qeyd edilib.
Fins.az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.
Tədbirin əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesajı iştrakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı müstəqillik tarixi haqqında danışıb. Səfir Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin inkişafından söz açıb.
O qeyd edib ki, iki ölkə arasında dünyada nümunəsi olmayan qardaşlıq əlaqələri mövcuddur. Səfir bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etdiyi kimi Türkiyə daim azərbaycanlı qardaşlarının yanlnda olacaq.
“Heç bur güc bizim bu qardaşlığımızı sarsıda bilməz. Tarixi Şuşa Bəyannaməsindən aldığımız ilhamla daim Azərbaycanı dəstəkləyəcək. Azərbaycanın COP 29-a uğurla ev sahibliyi edəcəyinə inanırıq. Bu tədbir Azərbaycanın nüfuzunu daha da gücləndirəcək. Türkiyə olaraq bu məsələdə də ən yüksək səviyyədə Türkiyə Azərbaycanın yanındadır”, - deyə səfir əlavə edib.
Daha sonra çıxış edən spiker Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini çatdırıb.
S.Qafarova bildirib ki, Türkiyə inamla inkişaf edir, irəli addımlayır.
* * *
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə paytaxt Bakının Xətai rayonunda yerləşən “Gənclik” parkında növbəti ağacəkmə aksiyası həyata keçirilib.
Fins.az xəbər verir ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və “IDEA” könüllülərinin, o cümlədən Avropa Azərbaycan Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyası zamanı 600 ədəd Eldar şamı əkilib.
Qeyd edək ki, “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.
Eyni zamanda, tədbir zamanı IDEA İctimai Birliyinin “Şəhər ekologiyası”(“Urban Ecology”) layihəsi çərçivəsində “Gənclik” parkında mövcud olan yaşıllıq sahəsinə Bakı Zooloji Parkında çoxaldılmış 20 sincab buraxılıb. “Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan və keçmişdə geniş yayılmış fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Sincabların məhz bu əraziyə buraxılmasında digər məqsəd onların “Gənclik” parkı ərazisində təbii şəkildə çoxalmasıdır.
Keçmişdə Bakı şəhəri ərazisində çoxsaylı sincab və tutuquşular məskunlaşıb, onlar parklarda, yaşıllıqlar mövcud olan digər ərazilərdə insanlar arasında sərbəst dolaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalmışdı. Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusən də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi hallarının azaldılması və saysız-hesabsız yeni ağacların əkilməsi nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.
“IDEA” İctimai Birliyi bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.
Qeyd edək ki, “1113 - Təbiətin təcili yardımı” “qaynar xətt”i və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Sözügedən “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.