29 oktyabr - müttəfiq Türkiyə Respublikasının Cümhuriyyət Günündə qardaş ölkəmizin əsasının qoyulmasının 101-ci ildönümünü qeyd edirik.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" sosial media hesabında qeyd edilib
"Bu möhtərəm gündə, Türkiyə Respublikasının banisi dahi Mustafa Kamal Atatürkün, Türkiyə Respublikasının yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərimizin, sağlamlıqlarından keçən qazilərimizin əziz xatirəsini yad edirik.
Bölgədə və dünyada ədalət və inkişaf beşiyi olan Türkiyə Respublikası, habelə regionda və beynəlxalq müstəvidə təkrarı olmayan Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq", - deyə əlavə edilib.
* * *
Yaxın gələcəkdə gücü 36 meqavatt olan Ordubad SES və gücü 15.6 meqavat olan Tivi SES tikildikdən sonra su elektrik stansiyaları üzrə ümumi generasiya gücü 120 meqavatta çatdırılacaq.
Fins.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
"Hazırda Naxçıvanda su elektrik stansiyalarının ümumi generasiya gücü 68.4 meqavat təşkil edir", - o əlavə edib.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 5 su, 3 günəş, 1 külək və 1 külək-günəş hibrid elektrik stansiyası fəaliyyət göstərir. Bu stansiyalarda istehsal olunan elektrik enerjisinin hesabına Naxçıvan Muxtar Respublikasında “yaşıl” enerjinin payı da aylar üzrə artır.
Təkcə 2024-cü ilin sentyabr ayında istehsal olunan ümumi elektrik enerjisinin 35 faizi alternativ və bərpaolunan enerji mənbələrinin payına düşüb. Ötən ilin 9 ayı ilə müqayisədə isə alternativ və bərpaolunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 20 faizə yaxın artıb.
Belə ki, 2023-cü ilin doqquz ayında “yaşıl” enerjinin istehsal payı 35,1 faiz olduğu halda, 2024-cü ilin müvafiq dövründə bu rəqəm 53 faizə yüksəlib. Hazırda ümumi elektrik enerjisinin 55 faizi “yaşıl” enerjinin hesabına təmin olunur.
* * *
Bakı şəhərində yerləşən 193 tarix-memarlıq abidəsi olan binada COP29 tədbiri ilə əlaqədar aparılan təmir-bərpa işləri çərçivəsində abidələrin tarixi dəyərinin, orijinallığının, dayanıqlığının və bədii-estetik görkəminin qorunub saxlanılması məqsədilə daimi nəzarət təşkil edilib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli deyib.
O qeyd edib ki, təmir-bərpa işləri podratçı şirkətlərlə əməkdaşlıq çərçivəsində, mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
"Eyni zamanda, abidələrin bədii-estetik görkəminə xələl gətirən reklam və məişət qurğuları, kommunikasiya xətləri binaların fasadlardan təmizlənib.
Hazırda bu istiqamətdə görülən işlər davam etdirilir. Təmir-bərpa və abadlıq işlərinin tarixi abidələrin memarlıq üslubuna, bədii-estetik görkəminə xələl yetirilmədən aparılmasına ciddi nəzarət olunur", - deyə mətbuat katibi vurğulayıb.