“Neft və qaz resursları ilə zəngin olan ölkəmizin qarşılaşdığı əsas çağırışlardan biri də bu resurslardan əldə olunan gəlirləri iqtisadiyyatın şaxələnməsinə yönəltməkdir. Bu baxımdan qeyri-neft sənayesinin inkişafı və bu inkişafa təkan verən əlverişli ekosistemin yaradılması iqtisadi siyasətimizin diqqət mərkəzindədir. Təbii ki, sənayeləşmə siyasətimiz dayanıqlı olmalı və bu məqsədlə, ilk növbədə, qlobal çağırışlara və tendensiyalara adekvat cavab verməlidir”.
Fins.az xəbər verir ki, bu barədə İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısında çıxışı zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, bu baxımdan Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbiri həm ölkənin sənaye siyasətinin qlobal çağırışlara uzlaşdırılması, həm də Azərbaycanın bu sahədə gerçəkləşdirilən qlobal səylərə töhfə verməsi baxımından əhəmiyyətlidir.
“COP29-da Azərbaycan müxtəlif qlobal təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslərdən biri olan İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı təşəbbüsünü (BICFIT) xüsusilə vurğulamaq istərdim. Təşəbbüs ticarət və investisiya siyasətlərinin əlaqəli şəkildə həyata keçirilməsi ilə “yaşıl” diversifikasiyaya yönələn səylərin güclənməsinə xidmət edəcəkdir”, – deyə nazir vurğulayıb.
Nazir çıxışı zamanı bildirib ki, Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı prioritet istiqamət olaraq qiymətləndirir, Türk Dövlətləri Təşkilatı çərçivəsində bütün platformalarda yaxınlaşmanı təmin edən təşəbbüsləri dəstəkləyir.
O qeyd edib ki, İstanbulda baş tutan görüşün mövzusu olan ölkələrimizin sənaye, elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı türk dövlətləri arasında iqtisadi işbirliyinin təməl sütunlarını təşkil edir. O cümlədən, bu sahələr arasında qarşılıqlı fəaliyyətin yaratdığı sinerji texnoloji tərəqqiyə dəstək verməklə dayanıqlı iqtisadi artımda əvəzsiz rol oynayır.
“TDT ölkələri arasında əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərindən biri kimi Tədqiqat və İnkişaf (RD) fəaliyyətlərinin önəmini qeyd etmək vacibdir. Təşkilat çərçivəsində Birgə Tədqiqat institutlarının formalaşdırılması, birgə tədqiqat layihələrinin dəstəklənməsi, elmi texnoloji nailiyyətlərin və ən yaxşı təcrübələrin mübadiləsi, texnologiya transferi mərkəzlərinin yaradılması birgə rifahımıza müsbət töhfə verə bilər”, – deyə nazir bildirib.
M. Cabbarov, həmçinin, TDT ölkələri arasında əməkdaşlığın bir digər mühüm istiqaməti KOB-ları əhatə edir:
“Biz ötən ay qlobal təşəbbüs olaraq “KOB-ların Yaşıl İqlim Keçidi üçün Bakı Koalisiyası”nı elan etdik, bu təşəbbüs birgə bəyannamə şəklində həyata keçirilir. Bəyannamə həm bütün institusional iştirakçıları, həm də fərdləri KOB-lara iqlim dəyişikliyinin gətirdiyi çətinliklərlə mübarizə aparmağa və onların yaşıl transformasiyasına dəstək verməyə çağırır. Eyni zamanda, ölkələrimiz arasında son illərdə əməli addımlar atılmış, investisiya fəaliyyətini stimullaşdırmaq, regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək məqsədi ilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan əlavə Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan, Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına müsbət töhfə verəcəkdir”. (Apa)