RƏSMİ

28 Oktyabr

GÜNDƏM: Prezident İlham Əliyevin Pakistan rəsmisi ilə görüşü, Azərbaycan-NATO enerji təhlükəsizliyi müzakirəsi və işğaldan azad ərazilərə səfərlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.

* * *

Bu gün Bakı şəhərində ölkəmizin NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi çərçivəsində Enerji təhlükəsizliyi və iqlim dəyişikliyi üzrə Azərbaycan-NATO Dəyirmi Masa tədbiri keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə NATO-nun İnnovasiya, hibrid və kiber məsələr bölməsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrdən, o cümlədən, ölkəmizin aidiyyəti qurumlarından müvafiq sahədə ixtisaslaşmış ekspertlər və akademik dairələrin nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, mühüm enerji infrastrukturuna mümkün hədələr, risklər və onun mühafizəsi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi arasında əlaqə mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, həmçinin, iqlim dəyişikliyi ilə mübarizə və yaşıl enerjiyə keçid istiqamətində fəaliyyəti, o cümlədən, COP-29 tədbirinə ev sahibliyi xüsusi vurğulanıb.

* * *

Dünya səyyahlarının işğaldan azad olunan ərazilərə səfəri davam edir.

Fins.az xəbər verir ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyah qrupu Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəyə - Xudafərin körpüsünə gəliblər.

Daha sonra səyyahlar Füzuli rayonunda olacaqlar, ərazilərdə aşkarlanan mina və partlamamış silah-sursatların zərərsizləşdirilməsi prossesini izləyəcəklər.

Dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfəri təşkil olunub. Bu səfərlərdə, ümumilikdə, 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.

Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-cidir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır. Heyət üç gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət ediblər.

* * *

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından dörd il ötür.

Fins.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən Bərdə şəhərini raketlərlərlə atəşə tutub.

Ermənilər bu qanlı hücumu nəticəsində 21 nəfər şəhid olub, 70-ə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət almışdır.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi zamanı Gəncədə mülki əhaliyə qarşı törədilən bu terror əməllərinə görə ittiham olunan və özünü Qarabağda separatçıların "prezidenti" adlandıran Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.